“Ümumiyyətlə, Azərbaycanda gənclərin xaricdə təhsil almağa yönəlməsinin bir neçə əsas səbəbi var. Bəzi gənclər hələ ibtidai və orta təhsil mərhələsindən xaricdə oxumağı arzulayır, bu məqsədlə xarici liseylərdə və ya xarici dildə tədris olunan məktəblərdə oxuyur, SAT, TOEFL, IELTS kimi beynəlxalq imtahanlara hazırlaşaraq dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almağa çalışırlar. Bu qrup gənclər – yəni “A kateqoriyası” adlandırdığımız təqaüd proqramları ilə xaricə gedənlər – həm savad, həm də məqsədyönlülük baxımından ən uğurlu kateqoriyadır. Onlar xaricdə oxuyub bilik və təcrübələrini tətbiq etməyə çalışan, öyrəndiklərini ölkəmizin inkişafı üçün istifadə edən gənclərdir. İkinci kateqoriyaya aid gənclər isə əsasən maddi imkana sahib olan, hər hansı bir ölkədə oxumağa qərar verən və təhsili şəxsi vəsaiti hesabına maliyyələşdirən tələbələrdir. Bu qrupda olanların əksəriyyəti də təhsilini uğurla başa vurur, lakin onların nailiyyət səviyyəsi təqaüdlə gedənlərlə müqayisədə bir qədər fərqlənir. Üçüncü kateqoriyaya isə əsasən Azərbaycanda ali məktəbə qəbul ola bilməyən, Dövlət İmtahan Mərkəzinin keçid balını toplaya bilməyən, müəyyən nailiyyət göstərməyən, amma xaricdə oxumaqla bu çatışmazlığı kompensasiya etməyə çalışan gənclər daxildir. Onların çoxu, xüsusilə MDB ölkələrində və Türkiyədə atestatla qəbul olan tələbələr arasında təmsil olunur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, qloballaşan dünyada təhsil artıq sərhədləri aşan bir anlayışa çevrilib. Müasir gənclər təkcə öz ölkələrində deyil, dünyanın müxtəlif universitetlərində təhsil alaraq biliklərini genişləndirmək, yeni mədəniyyətlərlə tanış olmaq və fərqli təcrübələr qazanmaq imkanı əldə edirlər. Xaricdə təhsil yalnız akademik biliklərin artırılmasına deyil, həm də gənclərin dünyagörüşünün formalaşmasına, müstəqil qərarvermə bacarığının və qlobal düşüncə tərzinin inkişafına xidmət edir.
Ekspert bildirib ki, təəssüf ki, bu kateqoriyaya aid olanların təxminən yarısı ali təhsilini ya yarımçıq saxlayır, ya da ümumiyyətlə başa çatdıra bilmir.
"Belə hallarda bəziləri illərlə xaricdə qalmasına baxmayaraq hələ də bakalavr pilləsini bitirə bilmir. Hətta elə gənclər var ki, valideynlərini aldadaraq guya magistratura pilləsində oxuduqlarını deyirlər, amma əslində hələ də bakalavrı bitirməyiblər. Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Övladlarını xaricə göndərən valideynlər yalnız maliyyə dəstəyi ilə kifayətlənməməli, onların tədris prosesini də nəzarətdə saxlamalı, universitetlə mütəmadi əlaqə saxlamalı, heç olmasa ildə bir dəfə övladlarının təhsil vəziyyətini yerindəcə yoxlamalıdırlar. Təəssüf ki, bəzi hallarda tələbələr dərslərə davam etmir, imtahanlarda uğursuz olur, kəsilir və valideynlər bundan xəbərsiz qalır. Bəzi gənclər bir universitetdə uğur qazana bilmədikdə, xəbərsiz şəkildə başqa ali məktəbə keçib sıfırdan oxumağa başlayır. Təhsilin Keyfiyyətinin Təminatı Agentliyi də qeyd edib ki, atestatla xaricdə oxuyan tələbələrin diplomlarının tanınması və Azərbaycana transfer olunması prosesi məhdudlaşdırılıb. Həmçinin, bu kateqoriyada olanların böyük bir qismi diplom almadan geri qayıdır. Bu problemlərin əsas səbəbi tələbələrin öz potensiallarını düzgün qiymətləndirməməsidir. Azərbaycanda 100 bal belə toplaya bilməyən bir gənc, Türkiyədə və ya digər ölkələrdə hüquq və ya mühəndislik kimi yüksək bal tələb edən ixtisasları seçir və nəticədə bu çətin proqramları mənimsəyə bilmir. Halbuki hər bir tələbə öz bacarığına və maraqlarına uyğun ixtisas seçsə, təhsili uğurla başa vurmaq ehtimalı daha yüksək olar. Təəssüf ki, bu reallıqda bəzən valideynlərin də rolu mənfidir — onlar övladlarının imkanlarını nəzərə almadan “adı olan” ixtisaslarda oxumağı tələb edir və nəticədə nə vaxt, nə vəsait, nə də nəticə baxımından səmərə əldə edilmir. Hazırda əmək bazarına baxsaq görərik ki, xarici ali təhsil müəssisəsini bitirib qayıdan və uğur qazanan gənclərin əksəriyyəti məhz təqaüd proqramları ilə və ya beynəlxalq imtahanlarda yüksək nəticə göstərərək xaricə gedənlərdir. Məsələn, beynəlxalq olimpiada qalibləri, SAT, TOEFL, IELTS imtahanlarında yüksək nəticə göstərmiş gənclər bu sıradadır. Əksinə, atestatla xaricə gedən gənclərin çoxu Azərbaycana qayıtdıqdan sonra əmək bazarına daxil olmaqda çətinlik çəkir. Onların bilik və bacarıqları işəgötürənləri qane etmir, nəticədə ixtisaslarına uyğun iş tapa bilmir və başqa sahələrdə çalışmaq məcburiyyətində qalırlar".
Ekspert əlavə edib ki, bu baxımdan valideynlər övladlarını xaricə göndərərkən onları düzgün istiqamətləndirməli, həmçinin onların potensialına uyğun ali məktəb və ixtisas seçiminə dəstək olmalıdırlar:
"Sadəcə maliyyə dəstəyi ilə iş bitmir — tələbənin tədris nəticələrinə nəzarət edilməli, müəllimlərlə əlaqə saxlanılmalı, övladın imtahanlardakı göstəriciləri izlənilməlidir. Hazırda elə tələbələr var ki, Türkiyədə 7-8, hətta 15 fəndən kəsiri olduğu üçün təhsillərini davam etdirə bilmir və Azərbaycana transfer olmaq istəyirlər. Lakin atestatla qəbul olanların ölkəmizdəki ali məktəblərə transfer hüququ artıq məhdudlaşdırılıb. Transfer yalnız beynəlxalq imtahan nəticələri, o cümlədən TRS göstəriciləri əsasında mümkündür. Bu nəticələrə malik olmayanlar məcburən MDB ölkələrinə gedərək başqa yollardan təhsillərini davam etdirməyə çalışırlar. Amma bu zaman da onların diplomlarının Azərbaycanda tanınması ilə bağlı problemlər yaranır. Buna görə də xaricdə təhsil almaq planlaşdıran gənclər, xüsusilə atestatla gedənlər, mütləq şəkildə Təhsilin Keyfiyyətinin Təminatı Agentliyi tərəfindən tanınan və dövlət proqramında yer alan universitetlərə üstünlük verməlidirlər. Bu, həm təhsilin keyfiyyəti, həm də diplomun tanınması baxımından daha doğrudur. Əgər gəncin oxuma potensialı və bacarığı yoxdursa, onun xaricdə təhsil alması məqsədəuyğun deyil. Belə hallarda ya təhsil yarımçıq qalır, ya diplom tanınmır, ya da gənc tamamilə başqa sahədə işləməyə məcbur olur. Buna görə də valideynlərin məsuliyyəti çox böyükdür. Qeyd etmək lazımdır ki, xaricdə təhsil alanların hamısı eyni motivasiyaya malik deyil. A kateqoriyasına daxil olan, yəni dövlət və beynəlxalq təqaüd proqramları ilə xaricə gedən tələbələr arasında savadlı, məqsədyönlü və nailiyyətli gənclər üstünlük təşkil edir. Onların əksəriyyəti təhsillərini başa vurduqdan sonra ya xaricdə iş təcrübəsi qazanır, ya da vətənə qayıdıb qazandıqları bilik və bacarıqları burada tətbiq edirlər. Bu proqramlar ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanıb və hazırda Prezident İlham Əliyev tərəfindən dəstəklənərək davam etdirilir. Dövlətin məqsədi yalnız gənclərin xaricdə oxumasını təmin etmək deyil, həm də onların əldə etdiyi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinə şərait yaratmaqdır. Bunun üçün Təhsil Nazirliyi və digər qurumlar tərəfindən hökumətlərarası və müxtəlif təqaüd proqramları həyata keçirilir. Bu proqramlar IT, iqtisadiyyat, mühəndislik kimi sahələrdə təhsil alan gənclərə beynəlxalq praktikaları mənimsəmək və ölkəyə gətirmək imkanı yaradır. Lakin atestatla və ya şəxsi vəsait hesabına xaricə gedənlərin arasında, təəssüf ki, uğursuzluq faizi yüksəkdir. Bu gənclərin təxminən 50%-i ali təhsilini başa vura bilmir, bitirənlərin də bir qismi əmək bazarına uğurla daxil ola bilmir".
Rəfiqə Namazəliyeva,
AzNews.az