Laçın bölgəsinin dağlıq relyefi və su mənbələri Azərbaycanın həm təbii, həm də mənəvi irsinin ən dəyərli qatlarından biridir. Bu coğrafiyada bulaqlar təkcə içməli su qaynaqları deyil, həm də el yaddaşının, inancın və tarixi təbəqələrin daşıyıcısıdır. Onlardan biri də mistik Əlibulağıdır. Bu bulaq, əsrlər boyu xalqın təfəkküründə həm müqəddəslik, həm də mənəvi qorunma rəmzi kimi formalaşıb.
Belə ki, Əli bulağı Ağ qaya adlı zirvədə moğol sərkərdəsi Baycu Noyon tərəfindən inşa edilmiş qala və Sultan baba pirinin yaxınlığında yerləşir. Zeyvə adlanan qədim zaviyə ətrafında Soltanbaba ilə Şeyx Əhməd türbələri kimi ziyarətgahlar var.
Əli bulağı ilə bağlı xalq arasında çoxsaylı rəvayətlər dolaşır. Ən məşhuru belədir:
“İmam Əli Qaragöldən, yəni İşıqlı dağından Gavur qalasına daş atmış, daş düşdüyü yerdə bulaq qaynamışdır.”

FOTODA: Laçın rayonu Qarıqışlaq kənd sakini Şamil Hüseynov doğma "Əli bulağı"nda
Əfsanənin təməlində müqəddəs başlanğıcın təbiətdə təcəssümü ideyası dayanır. Əlbəttə, tarixi reallıq baxımından Hz. Əli heç vaxt Azərbaycanda olmayıb, həm də bu məsafədən daşın “uçması” fiziki cəhətdən mümkünsüzdür. Deməli, burada Hz. Əli obrazı daha çox xalq yaddaşının simvolik qoruyucu funksiyasını daşıyır.
Bu cür sakrallaşdırmalar çox vaxt yerli qəhrəmanların, xüsusilə Babəkin xatirəsini qorumaq üçün baş verir. Mümkündür ki, Əli bulağı ilə bağlı ilkin yaddaş Babək dövrü ilə əlaqəlidir. Tarixi qaynaqlara əsasən, Babək dəfələrlə bu bölgəyə- ağ hunların diyarı qədim Süni vilayətinə səfərlər etmiş, alban knyazının qızını alaraq bu ərazinin siyasi təsir sahəsini genişləndirmişdi. Beləliklə, sonrakı nəsillər onun adını dini simvolla birləşdirərək “Əli bulağı” mifini yaratmış ola bilərlər.
Başqa bir rəvayətə görə isə, İmam Əli Gavur qalasına hücum edərkən atının ayağı dəydiyi daşdan bulaq çıxmış və o bulaq fəthə yardım edərək ilahi möcüzə kimi qəbul edilmişdir.
Laçın rayonu, Qarıqışlaq kənd sakini Rəfail Mirzəyevin dediyinə görə, “Əli bulağı” nın yanından qədim “Elat yolu” keçirmiş:
"Qaragöl istiqamətindəki yaylaqlara aparan bu yol uzun əsrlər boyu Cəbrayıl, Füzuli, Ağdam, Ağcabədi və Beyləqan tərəkəmələrinin köç marşrutu olub. Beləliklə, Əli bulağı həm də yaylaq mədəniyyətinin su nişanı kimi yaddaşlarda yaşayır".
Əli bulağı ilə bağlı rəvayətlərdəki dini və mistik motivlər, əslində, su kultunun qədim izlərini daşıyır. Suya həyat verən, torpağı təzələyən güc kimi baxan qədim türk və alban inancları, islamlaşma dövründə imam kultu ilə birləşərək yeni mifoloji qat yaradıb.
Beləliklə, Əli bulağı həm türk-alban təfəkkürünün davamı, həm də islam mifologiyasının yerli versiyası kimi formalaşıb. R. Mirzəyev məmnunluqla xatırlayır ki, bulaq yerli əhali üçün dini-mistik məna kəsb etdiyindən onun başında spirtli içki qəbul etmək yasaqmış: "Laçın camaatı yenə bu ənənəyə əməl edir və bulağı ziyarət edərkən spirtli içkidən tam imtina edirlər".
Əli bulağı bir bulaqdan çoxdur. O, inancla tarix, əfsanə ilə reallıq, su ilə yaddaş arasında körpü rolunu oynayır. Bu səbəbdən Əli bulağı təkcə dini deyil, etno-mədəni irs abidəsi kimi tədqiq edilməli, onunla bağlı mifoloji, coğrafi və arxeoloji araşdırmalar genişləndirilməlidir.

Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.
Ərazi Laçın rayonunun qədim yaşayış yerlərindən sayılan Gəloxçu elinə bağlıdır. Qayanın ətəyində çıxan bulağın suyu şəffaf, soyuq və daimi axarlıdır. Yerli inanca görə, bulaq sıldırım qayadan bir anda qaynamış və bu hadisə ilahi təzahür kimi qəbul edilmişdir.
Bulağın yerləşdiyi ərazi həm də qədim mühafizə məkanları ilə əhatəlidir — yaxınlıqda Zeyvə qalasının xarabalıqları, üç hücrəli günbəz və Soltanbaba ilə Şeyx Aməd türbələri kimi orta əsr islam abidələri var. Bütün bunlar bölgənin həm maddi, həm də mənəvi tarixini bir mərkəzdə birləşdirir.
Əfsanə və inanc qatları