Nizami Cəfərov: Kitablarda, məqalələrdə, siyasətçilərin çıxışlarında Azərbaycan dili qorunmalıdır - AÇIQLAMA

4 Noyabr 2025 16:24 (UTC+04:00)

Prezidentin ana dili ilə bağlı narahatlığı

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı Azərbaycan dili ilə bağlı bəzi məsələlərə toxunub. Prezident on il bundan əvvəl həmin kürsüdən Azərbaycan dili haqqında danışdığını, öz narahatlığını ifadə etdiyini deyib: “Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram”.

Prezidentin çıxışındakı bir sıra məqamlarla bağlı APA-ya açıqlama verən akademik Nizami Cəfərov qeyd edib ki, Azərbaycan Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışı bir sıra baxımdan olduqca əlamətdar oldu.

“Azərbaycan dili bəzi yerlərdə yalnız məişət dili səviyyəsində qalır ki, bu da yolverilməzdir”

“Bu çıxışda diqqət çəkən əsas məsələlərdən biri də dil məsələsi idi. Prezident bildirdi ki, Azərbaycan dilində baş verən prosesləri daim izləyir. Dövlət başçısı on il əvvəl AMEA-nın 70 illik yubileyində də dil ilə bağlı narahatlığını ifadə etdiyini xatırlatdı. Həmin dövrdən bəri müəyyən işlər görülsə də, hələ də narahatedici məsələlər qalmaqdadır.

Prezident çıxışı zamanı qeyd edib ki, həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların dil hüquqları ilə bağlı məsələlər diqqət mərkəzində olmalıdır. Azərbaycanın hüdudlarından kənarda da milyonlarla azərbaycanlı yaşayır və onların dil hüquqları lazımınca təmin olunmur. Nəticədə, Azərbaycan dili bəzi yerlərdə yalnız məişət dili səviyyəsində qalır ki, bu da yolverilməzdir. Bu, insan hüquqlarının bir hissəsi olan dil hüquqlarının pozulması deməkdir. 50 milyondan artıq Azərbaycan xalqının dilinin bu şəkildə sıxışdırılması və ya tarixi dəyərinin inkar olunması ilə barışmaq mümkün deyil. Cəmiyyət bu istiqamətdə səfərbər olmalıdır”, – Nizami Cəfərov deyib.

Ədəbi dil ilk növbədə ziyalıların nəzarətində olmalıdır

Akademik Prezidentin alınma sözlər barədə fikirlərinə də münasibət bildirib: “Prezident bildirdi ki, dilimizə təzyiqin bir forması da alınma sözlərlə onun süni şəkildə doldurulmasıdır. Beynəlxalq terminlərin istifadəsi başadüşüləndir, lakin dilə uyğun olmayan, kontekstdən kənar istifadə edilən sözlər Azərbaycan dilinin təbiətinə zərər verir. Bu, yolverilməz haldır. Prezident vurğuladı ki, öz dilimizdə olan sözlərin işlənmə dairəsi genişləndirilməlidir. Bunun üçün məktəblərdə ana dilinin tədrisinə ciddi yanaşmaq vacibdir. Azərbaycan dilinin tədris olunmadığı xarici ölkələrdə də bu məsələ diqqət mərkəzində saxlanılmalıdır, çünki bu, milli mənliyimiz və milli varlığımıza bir təhdiddir. Bu təhlükə aradan qaldırılmalıdır. Bu istiqamətdə yazıçıların, alimlərin, xüsusilə dilçilərin və ümumilikdə elm adamlarının üzərinə böyük məsuliyyət düşür. Ədəbi dil ilk növbədə ziyalıların nəzarətində olmalıdır. Onlar dünyanın harasında yaşamasından asılı olmayaraq, Azərbaycan ədəbi dilini qorumalı, onun prinsiplərinin, qaydalarının pozulmasına yol verməməlidirlər. Prezidentin bu çıxışında səsləndirdiyi bir fikir artıq aforizm səviyyəsinə yüksəlib: “Öz əzəli kəlmələrimizi unudub başqa bir dildən söz almaq, o sözü işlətmək ya səhvdir, ya da təxribatdır. Hər ikisi də qəbuledilməzdir”. Bu fikir yubiley tədbirində dərhal qəbul olundu və xüsusilə ziyalılar tərəfindən yüksək qiymətləndirildi. Əgər dilimizdə hər hansı bir anlayışı ifadə edən söz mövcuddursa və bu söz tarixən işlənibsə, onun əvəzinə əcnəbi söz işlətmək ya səhvdir, ya da məqsədli addımdır. Hər iki halda bu, yolverilməzdir. Bu fikir bizim beynimizə həkk olub əbədi qalmalıdır”.

Dərsliklərdə, kitab və məqalələrdə, eləcə də siyasətçilərin çıxışlarında Azərbaycan dili qorunmalıdır

Nizami Cəfərov Azərbaycan dilinin saflığının qorunması naminə prioritet addımlardan da bəhs edib: “Dilimizin qorunması prosesinə orta məktəblərdən başlamalı, ana dilinin tədrisi təkmilləşdirilməlidir. Gənc nəsil Azərbaycan dilini mükəmməl bilməli və bu onların ziyalılıq xüsusiyyətinə çevrilməlidir. Azərbaycan Respublikasında dilin qorunması qanunlar, qaydalar və xüsusi təlimatlarla tənzimlənir. Lakin ölkə hüdudlarından kənarda yaşayan ziyalılarımız da ədəbi dilimizə yönələn təhlükələri vaxtında müəyyən etməli, qiymətləndirməli və cəmiyyətə çatdırmalıdırlar. Əgər bu, siyasi və ya ideoloji təhdiddirsə, insan hüquqları prizmasından buna qarşı mübarizə aparılmalıdır.

Dərsliklərdə, kitab və məqalələrdə, eləcə də siyasətçilərin çıxışlarında Azərbaycan dili qorunmalı, onun orijinallığı və xüsusiyyətləri saxlanılmalıdır”.

AzNews.az