"Donald Trampın Mərkəzi Asiya ölkələrinin liderlərini sammitə dəvət etməsi, əslində, əvvəllər formalaşmış “C5+1” formatının davamıdır. Bu format Tramp dövründən əvvəl də mövcud idi. ABŞ-ın əsas strateji məqsədlərindən biri Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirmək və bu regionda təsirini artırmaqdır. Tramp hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə daha fəal siyasət yürüdür. Əslində, bu format həm Obama, həm də Bayden dövrlərində mövcud olub, lakin Trampın dövründə Vaşinqton Mərkəzi Asiya ilə əməkdaşlığa xüsusi diqqət ayırır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 6-da Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya–ABŞ” (“C5+1”) sammitinə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan rəhbərlərini dəvət edib. Bu görüş “C5+1” formatında ikinci dəfə təşkil olunacaq. İlk sammit 2023-cü ildə Nyu-Yorkda, o vaxtkı ABŞ Prezidenti Co Baydenin dövründə reallaşmışdı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Trampa təşəkkür məktubu göndərib, Özbəkistan və Qırğızıstan liderləri isə iştirak edəcəklərini bildiriblər.
Siyasi şərhçi bildirib ki, Tramp administrasiyasının əsas məqsədi ilk baxışda Rusiyaya qarşı mövqeləri gücləndirmək kimi görünsə də, əslində, əsas hədəf Çinə qarşı geosiyasi balans yaratmaqdır.
"ABŞ Çini əsas rəqib kimi görür və Mərkəzi Asiya ilə əlaqələri gücləndirərək bu regionda Çinin iqtisadi və nəqliyyat üstünlüyünü məhdudlaşdırmağa çalışır. Tramp bu istiqamətdə əvvəlki administrasiyalardan daha konkret nəticələr əldə edib. Bayden dövründə də Mərkəzi Asiya ilə Avropa arasında “Orta Dəhliz” üzərindən əməkdaşlıq təşəbbüsləri olub, lakin onun siyasəti bir sıra yanlış qərarlarla müşayiət olunub. Xüsusilə, Cənubi Qafqazda Ermənistanı dəstəkləməsi Vaşinqtonun regional siyasətində balanssızlıq yaradıb. Tramp isə bu məsələlərdə daha praqmatik mövqe sərgiləyir. O, xüsusilə Azərbaycanla münasibətləri yeni mərhələyə daşıyıb və Vaşinqton razılaşmaları çərçivəsində əməkdaşlığı genişləndirib. Bu razılaşmaların mühüm nəticələrindən biri də ABŞ-ın “Zəngəzur dəhlizi” layihəsində ön plana çıxmasıdır. Bu, təkcə Cənubi Qafqazda deyil, bütövlükdə “Orta Dəhliz” boyunca ABŞ-ın təsir imkanlarının artması deməkdir. Məhz buna görə də Mərkəzi Asiya ölkələri ilə keçirilən sammit bu geniş strategiyanın bir hissəsi kimi qiymətləndirilə bilər. "C5+1” formatı Tramp administrasiyası dövründə daha strateji məna kəsb edir. ABŞ bu format vasitəsilə Mərkəzi Asiyadan başlayaraq Avropayadək uzanan marşrutda öz mövqelərini gücləndirmək, regionda uzunmüddətli təsir imkanlarını qorumaq niyyətindədir".
Rəfiqə Namazəliyeva,
AzNews.az