“Qonşu dili öyrənmək strateji əhəmiyyət daşıyır” - Məzahir Məmmədli

4 Noyabr 2025 22:51 (UTC+04:00)

"Ermənistanda bu qərar qəbul olunduqdan sonra Azərbaycan mediasında və sosial şəbəkələrdə “Azərbaycanda da erməni dilinin tədrisi mümkündürmü?” sualı ətrafında geniş müzakirələr başlayıb. Görünür, Ermənistan uzun illərdir bu istiqamətdə çalışıb və indi müəyyən baza formalaşdıraraq qərarın tətbiqinə başlayıb. Azərbaycanda isə hazırda erməni dilini tədris edən mütəxəssislərin sayı çox azdır — əsasən Azərbaycan Dillər Universitetində ermənişünas alimlər bu sahə ilə məşğul olur".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Ermənistanda 2025/2026-cı tədris ilindən üç məktəbdə Azərbaycan dili fənninin tədrisinə başlanacaq. Dərslər yalnız yuxarı sinif şagirdləri – 10-12-ci siniflər üçün nəzərdə tutulub. Fənn könüllü şəkildə tədris ediləcək və istəkli şagirdlər Azərbaycan dilini seçim fənni kimi öyrənə biləcəklər.

Ekspert bildirib ki, əgər gələcəkdə Azərbaycanda erməni dilinin ümumtəhsil məktəblərində tədrisi planlaşdırılarsa, bu istiqamətdə ilk növbədə ixtisaslı kadrların hazırlanması vacib olacaq.

"Qeyd edilməlidir ki, Ermənistanda təkcə türk və azərbaycan dili deyil, həm də fars və gürcü dillərinin tədrisinə başlanılır. Bu isə onların çoxdan planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilən siyasətindən xəbər verir. Azərbaycanda da bu istiqamətdə addım atılacağı təqdirdə, prosesin reallaşması üçün müəyyən zaman tələb olunacaq, çünki hazırda bu sahədə yetərli mütəxəssis bazası yoxdur. Digər tərəfdən, Sovet dövründə belə, qonşu və rəqib ölkələrin dillərini öyrənmək praktikası mövcud idi. Bu mənada erməni dilinin öyrənilməsi həm siyasi, həm də ictimai baxımdan faydalı ola bilər. Axı, istəsək də, istəməsək də, Ermənistan bizim qonşumuzdur və bu reallıq dəyişməz qalır. Deməli, onların cəmiyyətində, siyasətində və mediasında baş verənləri yaxından izləmək üçün erməni dilinin öyrənilməsi bizim üçün strateji əhəmiyyət daşıyır".

Rəfiqə Namazəliyeva,

AzNews.az