“Donald Trampın hazırda Mərkəzi Asiya ölkələrinin liderlərini Vaşinqtona dəvət etməsi, tamamilə Amerika Birləşmiş Ştatlarının bölgədəki maraqlarının təmin olunmasına yönəlmiş bir addımdır. Aydın məsələdir ki, bu gün Mərkəzi Asiya uğrunda ciddi bir geosiyasi mübarizə gedir. Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Çin Xalq Respublikası arasında davam edən bu rəqabətdə hər bir tərəf çalışır ki, regionda dominant mövqe qazansın, təsir dairəsini genişləndirsin və Mərkəzi Asiyanı öz maraq mərkəzinə çevirsin. Bu kontekstdə Rusiya Federasiyası və Çin Xalq Respublikasının imkanları, şübhəsiz ki, daha genişdir. Coğrafi yaxınlıq onlara həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından Mərkəzi Asiya ölkələrinə daha asan təsir göstərmək imkanı verir. Çin Xalq Respublikası iqtisadi gücü və texnoloji inkişafı vasitəsilə, Rusiya Federasiyası isə tarixi, hərbi və siyasi əlaqələrindən istifadə edərək regionda təsirini möhkəmləndirməyə çalışır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, Donald Tramp Mərkəzi Asiya ölkələrinin liderlərini noyabrın 6-da Vaşinqtonda keçiriləcək “C5+1” formatlı Orta Asiya–ABŞ sammitinə dəvət edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın da bu vacib forumda iştirakını arzuolunan sayıb və ölkəmizin regional nəqliyyat, logistika və enerji mərkəzinə çevrildiyini vurğulayıb. Ekspertlər istisna etmirlər ki, dəvət olarsa, Prezident İlham Əliyev sammitdə iştirak edə və Donald Trampla görüşə bilər.
Siyasi şərhçi qeyd edib ki, Donald Tramp yaxşı anlayır ki, Amerika Birləşmiş Ştatlarının bölgədən coğrafi baxımdan xeyli uzaqda yerləşməsi Vaşinqtonun hərbi, siyasi və iqtisadi təsir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
"Həmçinin bu uzaqlıq, Amerika Birləşmiş Ştatlarının Rusiya Federasiyası və Çin Xalq Respublikası ilə rəqabətdə üstün mövqe qazanmasına da mane olur. Məhz buna görə Donald Tramp administrasiyası hesab edir ki, bölgədə öz təsirini qorumaq, habelə Rusiya və Çin qədər təsir gücünə malik olmaq üçün ən düzgün strategiya Mərkəzi Asiya dövlətləri ilə siyasi, diplomatik və iqtisadi əlaqələri genişləndirməkdir. Tramp hazırda bu istiqamətdə addımlar atır — region ölkələri ilə yeni tərəfdaşlıqlar qurmaq, iqtisadi yatırımlar vasitəsilə balans yaratmaq və Rusiya–Çin tandeminin təsirinə qarşı alternativ mərkəz formalaşdırmaq niyyətindədir. Bu siyasətin nə dərəcədə uğurlu olacağı isə Amerika Birləşmiş Ştatlarının regiona hansı yenilikləri, təşəbbüsləri və imkanları gətirəcəyindən asılı olacaq. Hazırda Mərkəzi Asiya ölkələrinin rəhbərləri çox yaxşı anlayırlar ki, dünya yeni qarşıdurma mərhələsinə qədəm qoyub. Artıq qlobal miqyasda müharibə ehtimallarının ciddi şəkildə müzakirə edildiyi bir dövrdə bu dövlətlər müstəqilliklərini və suverenliklərini qorumaq üçün etibarlı və güclü tərəfdaşlara ehtiyac duyurlar. Mərkəzi Asiya ölkələri bu baxımdan həm Qərb dövlətləri, həm də Amerika Birləşmiş Ştatları ilə münasibətləri dərinləşdirməyə maraqlıdırlar. Lakin bu əlaqələrin səmimi və uzunmüddətli olması üçün vacibdir ki, Amerika Birləşmiş Ştatları regionda imperialist maraqlardan uzaq, qarşılıqlı hörmətə, bərabər hüquqluluğa və tərəfdaşlığa əsaslanan siyasət yürüdürsün. Əgər Vaşinqton da bir gün Rusiya və Çin kimi imperial maraqlardan çıxış etsə, onda Mərkəzi Asiya ölkələri üçün Amerika Birləşmiş Ştatları da cazibədar tərəfdaş olmaqdan çıxacaq. Hazırda bu ölkələr Amerika Birləşmiş Ştatlarını və Qərb dövlətlərini ona görə cəlbedici tərəfdaş hesab edirlər ki, uzaq məsafə onların təsirini imperial deyil, qarşılıqlı fayda və əməkdaşlıq əsasında dəyərləndirməyə imkan verir. Əgər bu əməkdaşlıq səmimi şəkildə qurular və davam etdirilərsə, bu, Mərkəzi Asiyanın siyasi və iqtisadi həyatında mühüm dəyişikliklərə səbəb ola bilər. Azərbaycan məsələsinə gəldikdə, Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiya ilə əlaqələrini genişləndirmək planlarında Azərbaycan Respublikası mühüm rol oynaya bilər".
Siyasi şərhçi əlavə edib ki, Orta Dəhliz marşrutu Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında strateji körpü rolunu oynamaq imkanlarını daha da gücləndirir:
"Regionda baş verən proseslər – Əfqanıstanda uzun illərdir davam edən xaos, Pakistan və Hindistan arasında gərginlik, Rusiyanın şimaldan, Çinin isə şərqdən sərhədləri nəzarətdə saxlaması – Amerika Birləşmiş Ştatları üçün Mərkəzi Asiya ilə birbaşa quru əlaqələri yaratmaqda ciddi çətinliklər yaradır. Bu vəziyyətdə Azərbaycan Respublikası ən sabit və etibarlı alternativ kimi ön plana çıxır. Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür, terror və xaos yoxdur. Bu da ölkəmizin Orta Dəhliz vasitəsilə Xəzər dənizindən gələn nəqliyyat və enerji marşrutlarında əsas tranzit və logistik mərkəzə çevrilməsinə şərait yaradır. Əgər gələcəkdə Zəngəzur dəhlizi açılarsa, yaxud Gürcüstan və Türkiyə xətti vasitəsilə Avropaya çıxış daha da genişlənərsə, Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları – Mərkəzi Asiya münasibətlərində həm tranzit ölkə, həm də təşəbbüskar tərəf kimi strateji rol oynaya bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az