Hazırda Zəngilan şəhərində, Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.
O bildirib ki, Cəbrayıl rayonunun Soltanlı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərində isə tikinti işləri davam etdirilir.
V. Hacıyev qeyd edib ki, bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilib, işğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur: "Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik və su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdır. Artıq keçmiş məcburi köçkünlərimiz yenidən qurulan Zəngilan rayonunun Ağalı, Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhər 1-ci yaşayış kompleksində və Horovlu kəndində məskunlaşıblar".
AzNews.az