Doktoranturanın işi doktoramı qalıb?

5 Noyabr 2025 10:53 (UTC+04:00)

Son illərdə ölkəmizdə müəllimlərin doktorantura təhsilinə marağının azalması müşahidə olunur. Bu meyil təsadüfi deyil və bir neçə əsas amillə bağlıdır. Əvvəla, hazırkı təhsil sistemində elmi dərəcənin müəllimin karyerasına təsir mexanizmi yetərincə güclü deyil. Müəllim doktor dərəcəsi qazandıqda belə, bu, çox vaxt nə maaş artımında, nə də vəzifə statusunda əhəmiyyətli dəyişiklik yaratmır. Nəticədə, müəllimlər üçün motivasiya zəifləyir.

Digər mühüm səbəb isə doktorantura prosesinin çox uzun və çətin olmasıdır. Rəsmi olaraq bu mərhələ 3-4 il kimi göstərilsə də, əslində müdafiə və inzibati prosedurlar daxil olmaqla, proses 6–8 ilə qədər uzanır. Bu, eyni zamanda dərs deyən, ailə məsuliyyəti daşıyan və elmi fəaliyyət aparmağa çalışan müəllimlər üçün olduqca ağır yük yaradır. Uzunmüddətli tədqiqat, resurs çatışmazlığı və bəzən idarəetmədəki ləngimələr tədqiqatçının enerjisini tükəndirir.

Halbuki inkişaf etmiş ölkələrdə bu proses daha çevik və dəstəkləyici formada təşkil olunur. Məsələn, Böyük Britaniya, Finlandiya və Norveçdə doktorantura çox zaman yarımştat modeldə həyata keçirilir. Bu, müəllimə eyni anda həm dərs deməyə, həm də araşdırma aparmağa imkan verir. Elmi rəhbərlik və təqaüd mexanizmləri də burada daha səmərəlidir. Bu ölkələrdə doktorantura yalnız akademik dərəcə deyil, həm də müəllimin peşəkar inkişafının vacib hissəsi hesab olunur.

Bizdə isə bu istiqamətdə yanaşma hələ tam formalaşmayıb. Məktəb rəhbərləri və regional təhsil idarələri çox vaxt doktorantura təhsili alan müəllimlərin elmi potensialından istifadə etmirlər. Onlar bu müəllimləri kurikulumun yenilənməsi, metodik tədbirlərin təşkili və məktəbin inkişaf strategiyalarında aktiv şəkildə cəlb etməlidirlər. Bu müəllimlərin araşdırma təcrübəsi məktəb səviyyəsində innovativ yanaşmaların tətbiqi üçün mühüm qaynaq ola bilər.

Eyni zamanda, elmi dərəcəsi olan müəllimlərin metodist kimi dəyərləndirilməsi də əhəmiyyətlidir. Onların məktəbdaxili təlimlərdə və metodik məsləhətləşmələrdə rolu artırılarsa, bu, həm pedaqoji prosesin elmi əsaslarını gücləndirər, həm də müəllimlər arasında tədqiqat yönümlü düşüncəni təşviq edər.

Beynəlxalq praktikada məktəb rəhbərliyi tədqiqatçı müəllimlərlə sıx əməkdaşlıq edir. Onların elmi nəticələri dərs keyfiyyətinin yüksəldilməsi və qərarların qəbulunda nəzərə alınır. Beləliklə, tədqiqat fəaliyyəti fərdi uğurdan çıxaraq təhsil müəssisəsinin ümumi inkişaf resursuna çevrilir.

Əslində doktorantura yalnız dərəcə almaq prosesi deyil, həm də düşüncə tərzinin transformasiyasıdır. Bu mərhələ müəllimi sadəcə öyrədən deyil, həm də araşdıran, sorğulayan və yaradıcı şəkildə düşünən mütəxəssisə çevirir. Dərs prosesinə elmi yanaşma daxil olduqda müəllim “nə öyrədirəm” sualından “niyə və necə öyrədirəm” mərhələsinə keçir. Bu isə şagirdlərdə yaradıcı və analitik düşüncə bacarığını formalaşdırır.

Bu baxımdan dövlət və ali təhsil müəssisələri tərəfindən əlavə dəstək mexanizmlərinin yaradılması vacibdir. Müəllimlər üçün xüsusi təqaüdlər, elmi qrantlar, yarımştat doktorantura modelləri və mentorluq sistemləri bu prosesi asanlaşdıra bilər. Böyük Britaniyada tətbiq edilən “Doctorate in Education (EdD)” proqramı bu modelin uğurlu nümunəsidir - müəllim həm dərs deyir, həm də tədqiqat aparır.

Təbii ki, pedaqoji işlə elmi fəaliyyət arasında balans saxlamaq asan deyil. Lakin düzgün planlaşdırma, peşəkar rəhbərlik və institusional dəstək olduqda bu, tam mümkündür. Dünyada bir çox müəllimlər dərs prosesini öz “elmi laboratoriyası” kimi dəyərləndirir və tədrisdə tətbiq etdikləri metodları araşdıraraq həm öz inkişafına, həm də ümumi tədris keyfiyyətinə töhfə verirlər.

Sonda qeyd etmək lazımdır ki, cəmiyyətdə elmə və elmi dərəcələrə münasibət müəllimlərin motivasiyasına birbaşa təsir göstərir. Elm dəyərli sayıldığı yerdə elmi dərəcə də ictimai etimadın və intellektual nüfuzun göstəricisinə çevrilir. Buna görə də elmə hörmət göstərmək - müəllimə hörmət göstərmək deməkdir.

Elm və tədris bir-birini tamamlayan iki əsas sütun kimi birləşəndə biz yalnız müəllim yetişdirmirik, eyni zamanda düşünən, araşdıran və dəyişiklik yaradan yeni nəsil formalaşdırırıq. Və məhz belə bir yanaşma gələcəyin təhsilini müəyyən edəcək.

Günay Əkbərova,

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi