Prezident bir neçə obyektin açılışında iştirak etdi

10 Sentyabr 2013 15:34 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm Qocayev və "Qaşaltı" sanatoriyasının həkimi Şahin Babayev Prezident İlham Əliyevə Naftalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.

Sonra Prezident İlham Əliyev "Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsini əks etdirən stendlərə baxıb.

"Azərsu" ASC-nin prezidenti Qorxmaz Hüseynov bildirib ki, burada su təchizatı və kanalizasiya sistemləri 1970-ci illərdə yaradılıb. Şəhərə içməli su Çəkil kəhrizindən və subartezian quyulardan verilir.

Naftalanda su şəbəkəsinin uzunluğu 47 kilometrdir. 16 kilometrlik kanalizasiya şəbəkəsi şəhərin kiçik bir hissəsini əhatə edir və istismara yararsızdır. Naftalan şəhəri əhalisinin sayı 9 min nəfərdir və onların 81 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur. Şəhər əhalisinə içməli su sutkada 4-5 saatlıq qrafik əsasında verilir. "Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində həyata keçirilir.

Qeyd olundu ki, layihə 2035-ci ilə - perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9,8 min, Qasımbəyli və Qaşaltı-Qaraqoyunlu kəndlərində isə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su yeni mənbədən - Ballıqayadan verilir. Şəhərin dayanıqlı su təchizatı üçün Ballıqaya-Goranboy kəmərindən 8 kilometr uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin həcmi 3 min kubmetr olan iki anbar tikilib. Layihəyə əsasən, şəhərə saniyədə 54 litr su gətirilir ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verir. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 33 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də yaradılacaq. İndiyə qədər kanalizasiya şəbəkəsinin 10 kilometrlik hissəsində işlər başa çatdırılıb. Tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab su təmizləyici qurğu inşa olunacaq. Layihə üzrə işlərin 2015-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

AzNews.az