“Zəfər Günümüz Müstəqil Azərbaycanın əzəmətinin, birlik və həmrəyliyimizin təntənəsidir” - YAP İH üzvü

5 Noyabr 2025 21:38 (UTC+04:00)

“8 Noyabr- Zəfər Günü, Azərbaycan xalqının tarixində qürur, şərəf və milli birliyin rəmzi olan möhtəşəm bir gündür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız qələbə dövlətimizin gücünü, xalqımızın iradəsini və ordumuzun yenilməzliyini bütün dünyaya göstərdi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandan, Müzəffər Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi: “44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi, siyasi və mənəvi qüdrətinin bariz nümunəsi oldu. Azərbaycan xalqı bu 44 gün ərzində bir yumruq kimi birləşərək öz gücünü, iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirdi. Qəhrəman Azərbaycan Ordusu – öz peşəkarlığı, rəşadəti və mərdliyi ilə düşmənə sarsıdıcı zərbələr endirdi. Şanlı ordumuz təkcə Ermənistanın silahlı qüvvələrini deyil, illər boyu formalaşdırılan “erməni məğlubedilməzliyi” mifini də darmadağın etdi. Bu Zəfər yalnız hərbi deyil, həm də milli qürur və ədalətin bərpası günü kimi tarixə yazıldı. Biz bu qələbəni canı, qanı bahasına qazanan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı sayəsində bu gün biz azad və qalib bir xalq kimi başımızı dik tuturuq. Zəfər Günümüz müstəqil Azərbaycanın əzəmətinin, birlik və həmrəyliyimizin təntənəsidir. Bu gün hər bir azərbaycanlının qəlbində vətən sevgisini, milli kimliyini daha da möhkəmləndirir”.

Politoloq bildirib ki, bu qələbə şəhidlərimizin qanı-canı, qazilərimizin fədakarlığı hesabına qazanıldı: “Azərbaycanın igid oğulları Qarabağ torpağını düşməndən azad etməklə ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər və dövlətimizin qüdrətini bir daha sübut etdilər. Azərbaycan xalqı bu Zəfəri heç vaxt unutmayacaq. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsidir”.

Zeynal ABDİN,

AzNews.az