“Paşinyan seçkilərdən əvvəl kilsə rəhbərliyini dəyişdirməyə çalışacaq” - Zaur İbrahimli

5 Noyabr 2025 21:57 (UTC+04:00)

“Paşinyan komandası Ermənistan Apostol Kilsəsini Rusiyanın vasitə siyasətinin əsas dayaqlarından biri kimi nəzərdən keçirir. Həmçinin Paşinyan komandasının bəyan etdiyi yeni Ermənistan konsepsiyası kilsənin müdafiə etdiyi revanşist, böyük Ermənistan və miyasum ideologiyasına tamamilə ziddir. Komanda hesab edir ki, Ermənistan Cənubi Qafqazda öz rolunu və yerini yenidən nəzərdən keçirməli, daha çox milli suverenlik və dövlətçilik məsələlərinə fokuslanmalıdır. Hazırda olan beynəlxalq çərçivədə Ermənistan milli suverenliyini təmin etməli və beynəlxalq münasibətlərdə real subyekt kimi çıxış etməlidir. Ermənistan Apostol Kilsəsi isə hələ də böyük Ermənistan və miyasum ideologiyasını əsas götürür. Onlar hesab edirlər ki, Ermənistan xalqının əsas missiyası ölkənin sərhədlərini genişləndirmək, “dənizdən dənizə Ermənistan” yaratmaqdır. Bunun əsas vasitəsi kimi həm Azərbaycana, həm Gürcüstana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmək, bu iddiaları reallaşdırmaq üçün xarici ölkələrin dəstəyindən yararlanmaq, əsasən isə Rusiyanın vasitəsini qəbul etməkdir. İki əsrdir ki, Erməni kilsəsi bu siyasəti təbliğ edir, təşviq edir və həyata keçirmək üçün cəhd göstərir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, 2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir. O, kilsə rəhbərinin seçkilər ərəfəsində siyasiləşdirilməsinin yolverilməz olduğunu vurğulayıb və bütün ermənilərin katolikosu II Qaregini vaxtında istefaya çağırıb. Qeyd edək ki, yaxın günlərdə II Qaregini qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan xuliqanlıq və seçki prosesinə müdaxilə ittihamı ilə saxlanılıb. Bundan əvvəl Baş nazir Nikol Paşinyan II Qaregini patriarxal taxt-tacı ələ keçirməkdə və subaylıq andını pozmaqda ittiham etmişdi.

Siyasi şərhçi bildirib ki, hazırda Paşinyan komandası bu siyasətə qarşı qətiyyətlə mübarizə aparır.

"Kilsəyə qarşı mübarizə eyni zamanda Rusiyanın dayaqlarına qarşı mübarizədir. Paşinyan komandası başa düşür ki, yeni iddiaların davamlı və dayanıqlı olması üçün mütləq Erməni kilsəsinə rəhbərliyi dəyişdirməli, indiki siyasəti dəstəkləyən qüvvələri rəhbərliyə gətirməlidir. Əks halda kilsə Paşinyan üçün əsas müqavimət ocağına çevriləcək. Paşinyan indiki əlverişli vəziyyətdən istifadə edərək bu missiyanı həyata keçirməyə çalışır. Ermənistan cəmiyyətinin ikinci səviyyəli nümayəndələri kilsəyə qarşı cinayət məsuliyyətinə cüzi reaksiya göstərib, yəni bu aksiyalar rezonans doğurmayıb. Bu, göstərir ki, indiki kilsə rəhbərinin və onun tərəfdarlarının cəmiyyətdə nüfuzu yoxdur. Paşinyan rəsmi seçki kampaniyası başlamazdan əvvəl bu prosesi yekunlaşdırmağa çalışacaq. Ali Spikeri Alen Simonyan da bunu açıq şəkildə ifadə edib. Ən azı yeni rəhbərlik gəlməsə belə, köhnə kilsə rəhbərliyinin təsirini zəiflətmək və ya əlini bağlamaq mümkün olacaq. Artıq ikinci səviyyəli qüvvələrin ətrafında dairə daralır və onun qardaşının həbsi ciddi xəbərdarlıqdır. Əgər kilsə kompromis etməz və cəmiyyətdəki təzyiq davam edərsə, Paşinyan müdaxiləsini daha da genişləndirə bilər. Bu vəziyyət Ermənistan kilsəsinin və indiki rəhbərliyinin qeyri-siyasi mübarizə vasitələrinə əl atması riskini yaradır, eyni zamanda xarici təsirlər ölkədə xarici qubələrin təsiri ilə qarışıqlıq yaratmaq meyllərini artırır. Lakin Paşinyan komandası ölkədəki vəziyyətə tam nəzarət edir və təhlükəli qüvvələri məhdudlaşdırır. Hazırda kilsə açıq müdaxilə etməsə, xarici qüvvələrin iqtisadi təsir imkanları məhduddur. İndiki vəziyyət davam edərsə, müxtəlif aksiyalar baş verə bilər və kilsə bundan yararlanmağa çalışa bilər. Lakin qeyri-siyasi metodlar istifadə edilməzsə, Paşinyan komandası seçki kampaniyası başlamazdan əvvəl məqsədlərinə çatmaq imkanındadır. Ermənistan cəmiyyətinin reaksiyası da buna şərait yaradır".

Rəfiqə Namazəliyeva,

AzNews.az