“Amerika Birləşmiş Ştatları və Rusiya prezidentlərinin noyabrda keçiriləcək G20 sammitində iştirak etməməsi Ukrayna məsələsi ilə əlaqəli deyil. Putin ümumiyyətlə xarici səfərlərdən çəkinir və bu cür tədbirlərdə iştirak etməməyə üstünlük verir. Bu səbəbdən Rusiyanı Maksim Oreşkin təmsil edəcək. Tramp isə ciddi qərarların qəbul olunma ehtimalı olmayan və onu Nobel sülh mükafatına yaxınlaşdırmayacaq tədbirlərdə iştirak etməyə o qədər də maraqlı deyil. Hər iki liderin iştirakı imtina etməsinin əsas səbəbi məhz budur. Ukrayna məsələsi isə Budapeştdə müzakirə olunacaq, çünki o görüş hələlik təxirə salınıb və iki prezidentin orada görüşmək imkanı qalır. G20 sammitində əvvəllər Qərb ölkələri aparıcı mövqedə olub və söz sahibi idilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Xatırladaq ki, noyabrda keçiriləcək “G20” liderlərinin sammiti öncəsi diqqətçəkən qərarlar açıqlanıb. Rusiya Prezidenti Vladimir Putin tədbirdə iştirak etməyəcək və ölkə nümayəndə heyətinə Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin rəhbərlik edəcək. ABŞ Prezidenti Donald Tramp da sammitə qatılmayacaq; onun yerinə vitse-prezident Ceyms Devid Vens göndəriləcək. Eyni zamanda bir sıra dövlət başçılarının, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak edəcəyi gözlənilir. Tramp və Putinin sammitdən yayınmasının səbəbləri, xüsusilə onların mümkün “üçtərəfli görüş”də Zelenski ilə bir masa arxasında əyləşməkdən çəkinib-çəkinmədikləri, müzakirə mövzusu olub.
Siyasi şərhçi bildirib ki, son illərdə güc balansı, həm siyasi, həm də iqtisadi baxımdan, qlobal Cənub ölkələrinin xeyrinə dəyişməyə başlayıb.
"Bu ölkələrin çəkisi artıb və sədirlik də son illər onların üzərinə düşüb. Növbəti G20 sammitində də bu tendensiya davam edəcək və qlobal Cənubun çəkisinin daha da artmasına səbəb olacaq. Hələlik Qərb ölkələrinin bu balansı dəyişdirmək gücü görünmür. Qlobal Cənub daha mütəşəkkildir və iqtisadi artım bu ölkələrdə daha yüksək səviyyədədir. Bu isə təbii olaraq onların siyasi çəkisinin artmasına da öz təsirini göstərir".
Rəfiqə Namazəliyeva,
AzNews.az