QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəriciləri getdikcə yüksəlir.
Aznews.az xəbər verir ki, bu fikirləri bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə Agentliyin icraçı direktoru Aygün Əliyeva deyib.
O bildirib ki, əgər 2022-ci ildə bu istiqamət üzrə Agentlik xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb: “Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-ə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab çap edib, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlanıb”.
O qeyd edib ki, son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində Qərbi Azərbaycana qayıdış prosesi prioritet istiqamət olacaq: “Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək”.
AzNews.az