Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya xalis xərclərini 22 % artırıb

6 Noyabr 2025 17:28 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2024-cü ili 3,762 milyon manat xalis xərclə başa vurub.

Aznews.az xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 22,2 % çoxdur.

Ötən il Milli Observatoriyanın göstərdiyi xidmətlərdən gəlirləri 13 min manat (əvvəlki ilə nisbətən 5,5 dəfə çox), əmək haqqı xərcləri 2,887 milyon manat (13 % çox), köhnəlmə və amortizasiya xərcləri 105 min manat (81,35 % çox), icarə öhdəlikləri üzrə xərcləri 584 min manat (68,05 % çox), inzibati xərcləri 197 min manat (64,2 % çox), mənfəət vergisi ödəmələri isə 2 min manat (2,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə Milli Observatoriya aktivləri 2,602 milyon manat olub ki, bu da illik müqayisədə 13,9 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 6,2 % azalaraq 19 min manata, balans kapitalı isə 14 % azalaraq 2,583 milyon manata düşüb.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli qərarı ilə onun Nizamnaməsi təsdiq edilib. Milli Observatoriya əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması ilə məşğul olan publik püquqi şəxsdir.