“Sergey Şoyqunun “Cənubi Qafqazda daimi məsləhətləşmələr” fikri, əslində, Rusiyanın regiondakı mövqelərini yenidən gücləndirmək cəhdidir. Moskva anlayır ki, Cənubi Qafqaz artıq yalnız onun nəzarətində deyil və proseslər çoxvektorlu şəkildə inkişaf edir. Xüsusilə Ermənistanın Qərbə meyillənməsi, Avropa İttifaqı ilə təhlükəsizlik dialoqlarını genişləndirməsi Rusiyada ciddi narahatlıq doğurur. Bu baxımdan Şoyqunun səsləndirdiyi “mütəmadi məsləhətləşmələr” çağırışı strateji nəzarəti bərpa etməyə yönəlmiş siyasi mesaj kimi qiymətləndirilə bilər. Moskva hazırda itirdiyi təsir zonasını diplomatik kanallar vasitəsilə bərpa etməyə çalışır. Çünki regionda həm Türkiyənin, həm də Azərbaycanın artan rolu Rusiya üçün yeni reallıq formalaşdırıb. Ermənistanla münasibətlərdəki gərginlik isə Moskvanın öz ənənəvi müttəfiqinə qarşı nümayiş etdirdiyi siyasi soyuqluğun nəticəsidir. Şoyqu bu görüşlə həmin gərginliyi müəyyən qədər yumşaltmaq, ən azından formal dialoqu bərpa etmək niyyətindədir. Lakin Rusiya artıq əvvəlki kimi “tənzimləyici mərkəz” statusunu qoruyub saxlaya bilmədiyini də dərk edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Xatırladaq ki, “Qafqaz və Cənubi Qafqazda baş verən hadisələr daimi diqqət və Təhlükəsizlik Şuraları arasında mütəmadi məsləhətləşmələr tələb edir”. Bu fikri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu dünən Moskvada erməni həmkarı Armen Qriqoryanla görüşü zamanı səsləndirib. O vurğulayıb ki, regiondakı proseslər daimi diqqət, qarşılıqlı məsləhətləşmə və fikir mübadiləsini zəruri edir. Şoyqunun sözlərinə görə, bölgədəki regional və geosiyasi vəziyyət kifayət qədər mürəkkəbdir və tərəflər bu şəraitə uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Qeyd edək ki, Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin toplantısı keçirilib. Tədbirdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edib.
Siyasi şərhçi bildirib ki, Moskvanın əsas problemi ondan ibarətdir ki, region ölkələri artıq öz təhlükəsizlik modellərini yalnız Kremlə əsaslanaraq formalaşdırmırlar.
"Azərbaycan müstəqil siyasət yürüdür, Türkiyə ilə strateji əməkdaşlıq dərinləşir, Qazaxıstan və Orta Asiya ölkələri isə çoxqütblü yanaşmaya üstünlük verirlər. Bu şəraitdə Rusiyanın “məsləhətləşmə” tələbi əslində praqmatik zəifliyin göstəricisidir – nəzarəti itirməmək üçün diplomatik mexanizmləri yenidən aktivləşdirmək cəhdidir. Bu görüşü “normallaşma addımı” kimi qiymətləndirmək mümkündür, lakin onun məzmunu daha çox taktiki xarakter daşıyır. Moskva Ermənistanı itirmək istəmir, amma artıq onu əvvəlki kimi yönləndirə bilmir. Şoyqunun ritorikası da bu reallığı dolayısı ilə etiraf edir. Rusiya dialoq vasitəsilə təsirini bərpa etməyə çalışsa da, Cənubi Qafqazda reallıqlar dəyişib – artıq burada balansı diktə edən tək güc yoxdur".
Rəfiqə Namazəliyeva,
AzNews.az