Brüssel viza siyasətinin Avropa İttifaqı (Aİ) ölkələrinin səlahiyyətində olmasına baxmayaraq, lazım gəldikdə, təhlükəsizlik və miqrasiya riskləri nəzərə alınmaqla ümumAvropa qaydaları tətbiq edə, o cümlədən çoxdəfəlik vizaların verilməsi şərtlərini sərtləşdirə bilər.
Aznews.az xəbər verir ki, Aİ-nin rəsmi nümayəndəsi Markus Lammert rusiyalılara Şengen vizasının verilməsi qaydalarının sərtləşdirilməsinə dair yayılan məlumatları belə şərh edib.
Onun sözlərinə görə, 2022-ci ildə Rusiya vətəndaşları üçün müəyyən məhdudiyyətlər tətbiq edilsə də, çoxdəfəlik vizaların verilməsinə qadağa qoyulmayıb.
Bununla belə, M.Lammert jurnalistlərə vəziyyətin dəyişə biləcəyini və yaxın vaxtlarda bununla bağlı xəbərlərin olacağını bildirib.
Ukraynada müharibənin başlanmasından sonra Aİ Rusiya ilə sadələşdirilmiş viza rejimi haqqında sazişi dayandırıb və üzv ölkələrə rusiyalılara "Şengen" verilməsini məhdudlaşdırmağı, təhlükəsizlik və sərhəd nəzarətini gücləndirməyi tövsiyə edib.
2019-cu ildə Rusiya vətəndaşlarına 4 milyondan çox Şengen vizası verildiyi halda, 2023-cü ildə bu rəqəm 500 minə qədər azalıb. Lakin 2024-cü ildə verilən vizaların sayında artım müşahidə olunur ki, bu da əlavə məhdudiyyətlərin nəzərdən keçirilməsi üçün səbəblərdən biri ola bilər.