“İlham Əliyevin bu esti sülh mesajıdır” - Azad Məsiyev

6 Noyabr 2025 21:36 (UTC+04:00)

“İqtisadiyyat siyasətə, siyasət isə iqtisadiyyata bağlıdır və bu iki sahə bir-birini tarazlaşdırmalıdır. Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın torpaqlarını işğal edərkən özünü çətin vəziyyətə saldı. Bu müddət ərzində Ermənistan iqtisadi sahədə dünya inteqrasiyasına çıxış imkanlarını özü üçün məhdudlaşdırdı. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni siyasi vəziyyət yaratdı. Cənab prezident İlham Əliyev Ermənistana beş təməl prinsipə əsaslanan sülh təşəbbüsünü təqdim etdi. Azərbaycanın apardığı siyasət qonşularla dinc yanaşı yaşama prinsipinə əsaslanır və bu siyasəti beynəlxalq hüquq çərçivəsində həyata keçirməkdə maraqlıdır. Baxmayaraq ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi hələ imzalanmayıb, cənab prezident İlham Əliyevin Ermənistana böyük həcmdə taxıl göndərilməsinə icazə verməsi bir sülh mesajı kimi qiymətləndirilə bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, regionda kommunikasiya və ticarət əlaqələrinin inkişafı, həmçinin Ermənistan-Azərbaycan münasibətlərindəki dəyişikliklər diqqət mərkəzindədir. Baş nazir Nikol Paşinyan bildirib ki, Rusiya taxılını daşıyan qatarın Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana gəlməsi tarixi və mühüm hadisədir. O, Ermənistanın Marqaradan Kornidzora və əks istiqamətdə, həmçinin Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yük qatarlarının tranzitini təmin etməyə tam hazır olduğunu vurğulayıb.

Siyasi şərhçi bildirib ki, bu addım Ermənistanın sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş jestdir.

"Hesab edirəm ki, Ermənistanın siyasi hakimiyyəti bunu düzgün qiymətləndirəcəkdir. Eyni zamanda, Türkiyə üzərindən Azərbaycan ərazisinə qatarların yük daşımalarına icazə verilməsi ilə bağlı açıqlamalar da cənab prezident İlham Əliyevin xoşməramlı bəyannaməsinə adekvat cavab mesajıdır. Ümumilikdə, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni siyasi və iqtisadi vəziyyət yaranıb. Bu vəziyyət həm siyasi, həm də iqtisadi sahədə dövlətlərarası əməkdaşlığı gücləndirə bilər. Sülh sazişinin imzalanması isə Ermənistanın siyasi hakimiyyətinə və erməni xalqının iradəsinə bağlıdır. Cənab prezident İlham Əliyev sülhdən irəli gələn bütün şərtləri artıq razılaşdırıb və hazırlığını tamamlayıb. Ermənistan dünyaya inteqrasiya etmək istəyirsə, qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərini yenidən qurmalıdır. Azərbaycanın üzərindən Çin və Orta Asiya ilə əlaqə yaratmaq, nəqliyyat infrastrukturunu açmaq istəyirsə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Eyni zamanda, Avropaya iqtisadi baxımdan inteqrasiya etmək istəyirsə, Türkiyə ilə münasibətlərini tənzimləməlidir. Ermənistan bu illər ərzində özünü çətin vəziyyətə salmış, beynəlxalq layihələrdən kənarda qalmışdır. Azərbaycan isə Bakı-Ceyhan neft və qaz kəməri, digər beynəlxalq layihələrini Gürcüstan üzərindən həyata keçirib. Ermənistan işğalçılıq dövründə Azərbaycan ərazisini işğal etdiyi üçün bu beynəlxalq layihələrdən kənarda qalmışdır. İndi isə Azərbaycanın qələbəsi ilə regionda yeni siyasi və iqtisadi vəziyyət yaranıb. Hesab edilir ki, Ermənistan bu situasiyanı düzgün qiymətləndirməlidir. Baxmayaraq ki, Ermənistan-Azərbaycan arasında sülh sazişi hələ imzalanmayıb, cənab prezident İlham Əliyevin taxıl göndərilməsinə icazə verməsi yeni bir jestdir və həm iqtisadi, həm siyasi baxımdan önəm daşıyır. Nəqliyyat infrastrukturu, xüsusilə dəmir yolunun açılması Ermənistanın dünyaya inteqrasiyası və sosial-iqtisadi vəziyyətinin yaxşılaşması üçün vacibdir. Cənab prezident İlham Əliyevin atdığı xoşməramlı addımlar Ermənistan tərəfindən düzgün qiymətləndirilsə, sülh sazişinin tezliklə imzalanması mümkün olacaqdır. Amma Ermənistanın nə qədər səmimi davranacağı və verdiyi sözlərin üstündə duracağı zamanla məlum olacaqdır. Ümumilikdə, erməni cəmiyyəti Azərbaycana qarşı bir antipatiya mövqeyinə malikdir və bu baxımdan yeni reallığı düzgün qiymətləndirməli, yaranmış vəziyyətə uyğunlaşmalıdır. Əks təqdirdə, avantürist mövqedən çıxış etsə, Ermənistan özünü yenidən çətin vəziyyətə salacaq və bu, həm erməni cəmiyyəti, həm də dövlət üçün ciddi zərərlərə gətirib çıxaracaqdır. Hesab edilir ki, cənab prezident İlham Əliyevin xoşməramlı davranışı Ermənistan cəmiyyəti və Ermənistan dövləti tərəfindən düzgün qiymətləndiriləcəkdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az