“Hazırda bütün dünyada nəsillər arasında fərq aydın şəkildə müşahidə olunur. Bu, yalnız müəyyən ölkələrdə deyil, bütün cəmiyyətlərdə müşahidə edilən bir tendensiyadır. Hətta Avropanın ən inkişaf etmiş ölkələrində belə bəzən rast gəlinir ki, bir məktəbli, özünü sivil adlandıran bir cəmiyyətdə belə, inadkar və qanunsuz hadisə törədir. Statistikalar göstərir ki, bu hallar Avropa ölkələrində də artmaqdadır. Eyni zamanda, cəmiyyətimizdə də azyaşlılar, məktəblilər arasında aqressivlik halları artmaqdadır və məktəblərdə, şagirdlər arasında, xüsusilə azyaşlılar arasında bu hallar daha çox görünür. Bu vəziyyətin yaranmasında bir çox amil rol oynayır. İlk növbədə uşağın sosiallaşdırıldığı mühit, yəni ailə əsas rol oynayır. Hazırda ailələrdə tərbiyə prosesində uşaqlara göstərilən nəvaziş və davranışlar çox liberal formada tətbiq olunur. Mən deməzdim ki, uşaqları qorxutmaq və ya cəzalandırmaq xeyirli olar, lakin uşaqların valideynlərdən çəkindiyi təsir artıq çox zəifdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, son illər məktəblərdə zorakılıq, aqressiya və intizam pozuntuları artıb. Şagirdlər arasında münaqişələr, həmyaşıd zorakılığı və mobbing halları cəmiyyətin diqqətini çəkir. Müəllimlər bildirirlər ki, uşaqlarda aqressiv davranış, empatiya çatışmazlığı və sosial məsuliyyətsizlik daha çox görünür. Ekspertlər isə bunun yalnız təhsil sistemi ilə deyil, həm də ailə, sosial mühit və media təsirləri ilə bağlı olduğunu qeyd edirlər.
Sosioloq qeyd edib ki, həyat tərzi və cəmiyyətin yaşam forması dəyişdikcə bu hallar getdikcə artır.
"Adət-ənənələrimizdə mövcud olan ədəb-ərkan qaydaları, yəni uşağın ilk təhsil aldığı ailə mühitindəki normalar, bəzən lazımi şəkildə yerinə yetirilmir. Çox vaxt uşaqların ətrafı daha çox nəvaziş və qayğı ilə əhatə olunur, lakin onların neqativ hallar və proseslərdən çəkindirilməsi üçün yetərli vasitələr tətbiq edilmir. Bəzi valideynlər uşaqlara demək olar ki, hər şeyi təqdim edirlər. Məsələn, küçələrdə və ya evlərdə 1-3 yaşlı uşaqlara mobil telefonlar verirlər ki, sakit olsunlar. Nəticədə uşaqlar valideyn tərbiyəsinin əvəzinə sosial medianın təsirinə məruz qalaraq böyüyürlər. Sosial media, müxtəlif mobil cihazlar vasitəsilə uşaqlar məktəbə qədər olan dövrdə artıq bu təsirlər altında formalaşırlar. Kreativ və aqressiv oyunlar onları cəlb edir və bu oyunların təsiri ilə məktəbə daxil olurlar. Əvvəllər məktəblərdə uşaqlar bir müəllimdən həm hörmət, həm də müəyyən çəkinmə ilə davranırdılar. Lakin indi valideyndən çəkinməyən uşağın müəllimdən çəkinməsi gözləmək çətinləşib. Valideynlər və müəllimlər artıq uşaqların məktəbə qədərki tərbiyə modelini əvəz edə bilmirlər, çünki dərslərə vaxt ayırmalı və tərbiyə boşluqlarını doldurmalıdırlar. Tərbiyənin əsas boşluqları ailə tərəfindən doldurulmalı, məktəb isə bunu tam şəkildə tamamlaya bilməlidir. Dərslərin keçirilmə metodu və mobil cihazların istifadəsi də bu vəziyyəti gücləndirir. Uşaqlar məktəbə aşağı yaşdan mobil cihazlarla gəlirlər və bunun nəticəsində onların tərbiyəsi sosial medianın təsiri altında formalaşır. Aqressiv oyunlar və mobil cihazlar vasitəsilə müxtəlif saytlar uşaqların psixologiyasına təsir edir. Agresivliyin artmasının əsas səbəblərindən biri, azyaşlı uşaqların tərbiyəsinin sosial medianın təsirinə buraxılmasıdır. Digər tərəfdən, əgər bu proses ailədə davam edirsə, məktəblərdə də onun qarşısı alınmalıdır. Məktəblərdə mobil telefon istifadəsi minimuma endirilməli, hətta şagirdlərin siniflərə telefon gətirməsi qadağan olunmalıdır. Telefon yalnız danışıq vasitəsi deyil, həm də uşaqların aqressivliyinə təsir edən amildir. Şagirdlər evdə televiziya kanallarında izlədikləri filmlər və media kontentlər vasitəsilə aqressiv davranış modellərini mənimsəyirlər. Kino, televiziya və digər vizual media vasitələri uşaqların yaşına uyğun olmayan təsirləri artırır. Bu subkultural təsirlər onların əhval-ruhiyyəsinə mənfi təsir göstərir və müasir texnologiyalar bu tendensiyanı daim təkrarlayır. Ailə institutu bu prosesin qarşısını tam ala bilmir, lakin rolunu artırmalıdır. Məktəb təkbaşına bunun öhdəsindən gələ bilməz, amma məktəbin rolu da artmalıdır. Əvvəllər sovet dövründə müəllim-valideyn assosiasiyaları mövcud idi, lakin bu modellər artıq köhnəlib. İndi cəmiyyətdə yeniyetmələrin və şagirdlərin tərbiyəsi istiqamətində Təhsil Nazirliyi və vətəndaş cəmiyyəti arasında geniş layihələr həyata keçirilməlidir. Müxtəlif təsisatların fəaliyyəti artırılmalı və institutlaşmış strukturlar məktəblərdə olmalıdır".
Sosioloq əlavə edib ki, xüsusi aqressiv uşaqlar məktəblərdə sadəcə təmbih edilir və valideynlərinə xəbər verilsə də, onların gələcək tərbiyəsi sistemli şəkildə izlənilmir:
"Məktəblərdə tərbiyəvi metodoloji işlər aparan mütəxəssislərə və institutlaşmış qurumlara ehtiyac var. Bir məktəbdə yalnız bir psixoloqla bu işin öhdəsindən gəlmək mümkün deyil. Valideynlərin məşğuliyyəti və vaxt çatışmazlığı da bu boşluğu doldurmağa imkan vermir. Məktəb həm tədris, həm də tərbiyə müəssisəsi kimi fəaliyyət göstərməlidir. Lakin müasir şagirdlərdə tərbiyənin neqativ tərəflərini artıran faktorlar çoxdur. Bu səbəbdən məktəblərdə institutlaşmış kadrlar, qurumlar və mütəxəssislər fəaliyyət göstərməlidir. Onların sayı və təchizat səviyyəsi kifayət qədər olmalıdır. Ailələr də uşaqlar evə qayıtdıqdan sonra onların davranışlarını izləməli və düzgün istiqamətləndirməlidirlər, xüsusilə yay aylarında. Nəticədə, şagirdlərin aqressivliyini artıran müasir texnologiyalar və media vasitələrinin təsiri çoxdur. Azyaşlılar yaşlarına uyğun olmayan informasiyalara məruz qalır və bunun qarşısını tam almaq çətindir. Lakin paralel olaraq məktəblərdə institutlaşmış tərbiyəvi işçilərin rolu genişləndirilməli və gücləndirilməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az