"2026-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri üzrə 8 milyard manatdan çox vəsait nəzərdə tutulub".
Aznews.az xəbər verir ki, bunu Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O bildirib ki, bu xərclər büdcənin 21%-ni təşkil edir. Eyni zamanda, bu xərclər cari illə müayisədə 318 milyon manatdan çoxdur: "Büdcədən bu istiqamətdə ayrılan xərclər Azərbaycanın daxili sabitliyini, müdafiə qabilləyitini və regional təhlükəsizlik siyasətini gücləndirəcək. Bu gün regionda və dünyada müşahidə etdiyimiz proseslər göstərir ki, təhlükəsizlik anlayışı artıq yalnız hərbi sahə ilə məhdudlaşmır. O, həm də informasiya müharibələrinə, kibertəhlükələrə, sərhəd mühafizəsinə, ictimai sabitliyin qorunmasına və fövqəladə hallara operativ reaksiya vermək bacarığına əsaslanır.
İşğaldan azad olunmuş ərazilərdə bərpa və köç prosesi geniş vüsət alıb. Həmin ərazilərdə minalardan təmizləmə, hüquq-mühafizə infrastrukturunun yaradılması, insanların təhlükəsiz şəkildə geri qayıdışı üçün əlavə resurslara ehtiyac var. Bu, təkcə təhlükəsizlik deyil, həm də dövlətin sosial məsuliyyəti məsələsidir".