Rəsmi Bakı ABŞ-ın 907-ci düzəlişin tam ləğv edilməsi üçün əməli addımlar atacağına ümid edir

7 Noyabr 2025 16:31 (UTC+04:00)

“ABŞ-a səfərin tarixi və simvolik əhəmiyyətli digər bir məqamı ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncamın məhz cənab Prezident İlham Əliyevin iştirakı ilə imzalanmasıdır”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“Hər kəsə yaxşı məlumdur ki, 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan etmiş, ölkəmizə qarşı açıq ayrı-seçkilik xarakteri daşıyan ədalətsiz bir addım olub. Bu düzəliş ikitərəfli əlaqələrimizdə çətinlik yaradan bir faktordur.

ABŞ Prezidenti tərəfindən atılan bu addım Azərbaycan-ABŞ tərəfdaşlığının real mahiyyətini əks etdirir, iki ölkə arasında qarşılıqlı etimadı və strateji əməkdaşlığı daha da möhkəmləndirir. Bu addım ABŞ-la yeni əməkdaşlıq dövrünün başlanmasının göstəricisidir. Ümidvarıq ki, Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, ölkəmizin geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfi bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacaq”, - Ayxan Hacızadə qeyd edib.