“Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”
İlham Əliyev, Azərbaycan Prezidenti
XIX əsrin 20-ci illərindən başlayaraq tarixi torpaqlarımızın erməniləşdirilməsi siyasətinin nəticəsi olaraq, ötən əsrin ikinci dekadasında doğma diyarımızda süni şəkildə Ermənistan adlı dövlət yaradıldı. Sovet hakimiyyəti qurulduqdan sonra isə bolşevik rejiminin dəstəyi ilə Zəngəzurun və digər bölgələrin də Ermənistana birləşdirilməsi Azərbaycana qarşı növbəti ərazi iddialarına gətirib çıxardı. 80-ci illərin əvvəllərindən başlayan Qarabağın ilhaqı prosesi sonrakı mərhələdə aktiv fazaya keçdi və nəticəsi hamımıza məlumdur. Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü pozuldu, 20 faiz torpaqları 30 ildən çox işğal altında qaldı.
Vandalizmlə müşayiət edilən erməni işğalı Azərbaycanın zəngin tarixini özündə yaşadan milli memarlıq abidələrinin, dini-mədəni irsinin, sənət nümunələrinin, kəndlərin, şəhərlərin dağıdılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi və ölkəmizin iqtisadiyyatına ağır zərbələrin vurulması ilə nəticələndi. Azərbaycana 10 milyardlarla dollar dəyərində maddi ziyan vuruldu, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsini ən ali məqsədi hesab edən Ulu Öndər Heydər Əliyev bütün həyatını bu məqsədyönlü prinsipial məsələyə həsr etdi. Onun bu missiyasını üzərinə götürən Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq münaqişənin sülh yolu ilə həlli üçün inanılmaz qətiyyət göstərməklə yanaşı, güclü ordu quruculuğunu xüsusi diqqətdə saxladı.
Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında qalmasına baxmayaraq, bütöv və ahəngdar iqtisadi sistem qurmaqla öz inkişaf qabiliyyətini və dünya dövlətləri ilə investisiya, iqtisadi inteqrasiya potensiallarını möhkəmləndirdi, bölgədə nəhəng layihələrin təşəbbüskarlığını ələ keçirərək Ermənistanı regional layihələrdən təcrid etdi.
Qlobal iqtisadi mühitə çoxşaxəli inteqrasiya kursu ilə yanaşı, beynəlxalq səviyyədə səmərəli əməkdaşlıq və məharətlə yürüdülən siyasi-hüquqi-diplomatik siyasət dövlətimizin ərazi bütövlüyünün dəstəklənməsində həlledici rol oynadı.
Azərbaycanın iqtisadi gücə əsaslanan dayanıqlı maliyyə resursları, ilk növbədə keçmiş məcburi köçkünlərin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına və dövlətimizin hərbi qüdrətinin yüksəlişinə yönəldildi. 2003‒2020-ci illərdə dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin məbləği 15 dəfədən çox artdı və müdafiə sektoru ciddi şəkildə modernləşdirildi. Ordu quruculuğu ilə paralel şəkildə müdafiə sənayesi kompleksinin formalaşması Silahlı Qüvvələrimizin zəruri silah, sursat və texnika ilə təchizatında mühüm rol oynadı. Davamlı hərbi büdcə strategiyası Zəfərə gedən məsafəsini daha da yaxınlaşdırdı.
Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn ali prinsiplərinə sadiqliyini nümayiş etdirmiş, təcavüzkar dövləti BMT-nin və digər təsisatların qəbul etdiyi qətnamələrə riayət etməyə çağırmışdır. Ancaq münaqişəsinin nizamlanması üçün təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışaraq işğalın daimiliyinə rəvac vermişdir. Eyni zamanda, işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirən BMT TŞ qəbul etdiyi dörd qətnamənin kağız üzərində qalmasına səbəb olmuşdur.
Baş verən bu ədalətsizliklər və beynəlxalq haqsızlıqlara rəğmən, öz sülhpərvər siyasətinə sadiq qalan Azərbaycan Lideri İlham Əliyev münaqişənin növbəti ağır fazasına start verməyə çalışan və digər ərazilərimizi işğal etməyə cəhd göstərən Ermənistanın törətdiyi təxribatlara və 2020-ci il sentyabrın 27-də başlatdığı cəbhəboyu təxribatlara cavab olaraq əks-hücum əməliyyatı başlatdı. “İrəli” əmri ilə başlayan “Dəmir yumruq” əməliyyatı düşmən ordusunun və havadarlarının ağır məğlubiyyəti və Azərbaycanın sarsılmaz qələbəsi ilə tamamlandı. 44 günlük müharibədə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edən Azərbaycanın qarşısıalınmaz hücum aktı qarşısında diz çökən İrəvan noyabrın 10-da kapitulyasiya sənədini imzaladı, Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verdi. Prezident İlham Əliyev bu çətin, lakin şərəfli günlərdə bütün cəbhələrdə təkbaşına döyüşürdü.
İkinci Qarabağ müharibəsi, həmçinin milli həmrəyliyimizi, milli birliyimizi daha da möhkəmləndirdi. Müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandana dəstək ifadə edən birgə bəyanat və müraciətləri milli məsələlərdə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Yalnız anti-milli ünsürlərin - AXCP, Müsavat Partiyası və “Milli Şura”nın xalq-dövlət həmrəyliyindən kənarda qalması bir daha onların xain xislətini əks etdirdi.
8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətini, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmini, rəşadətini, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsini dünyaya nümayiş etdirdi.
Noyabr Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi nailiyyət 2023-cü il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulması oldu. Sərhəd postunun qurulmasından sonra Xankəndi və ətraf ərazilərdə gizlənmiş qanunsuz silahlı dəstələrin İrəvan və dünya ilə bağlarının kəsilməsi onların sonunu gətirdi, genişmiqyaslı təxribatlar törətməklə qisas almağa cəhd göstərsələr də, bunun qarşısı inamla alındı. 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri nəticəsində öz suverenliyini və Konstitusiya quruluşunu bərpa edən Azərbaycanın Lideri oktyabrın 15-də Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltmaqla 200 illik erməni terrorizmi və ekspansionizm ideologiyasını dəfn edən rəmzi tarixi simvollaşdırdı.
Zəfərin şanlı tarix kimi Azərbaycanın dövlətçilik salnaməsində müstəsna yeri hədsiz dərəcədə böyükdür. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı da məhz bu qürurlu tarixin əhəmiyyətini dünyaya əks etdirdi,
Bu müqəddəs tarixin rəmziləşdirilməsi məqsədilə cənab Prezidentin müvafiq Sərəncamı ilə Zəfər Günü təsis edilib, möhtəşəm Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Zəfər memorial kompleksi və Zəfər muzeyi yaradılaraq 2024-cü il noyabrın 8-də açılışı gerçəkləşdirilib. Həmçinin azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilir.
Zəfər Günü münasibətilə 2021-ci ildə amnistiya aktının qəbulu və icrası da Zəfərin ədalət və haqq rəmzi olmasını təcəssüm etdirir.
Zəfərin ən qürurverici səhifəsi azad edilmiş ərazilərdə Böyük Qayıdışın sürətli icrasıdır. Qayıdış Proqramı çərçivəsində şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası davam etdirilir, 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. 2025-ci il oktyabrın 1-dək bölgədə inşa edilmiş yaşayış məntəqələrinə 19 min 109 nəfərdən ibarət 4826 ailənin qayıdışı təmin edilib. Bu ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 40 min nəfərə yaxındır.
Zəfər yolunda canlarını fəda edən şəhidlərimiz xalqımızın əbədi yaddaşında və qəlbində yer alır. Şəhid ailələri, müharibə əlilləri və veteranlar dövlət ən ali qayğısı ilə əhatə olunublar. Bu günə qədər şəhid ailələri və müharibə iştirakçılarına 6900 mənzil və 567 avtomobil verilib, 106 min şəxsə aylıq sosial ödəniş təyin edilib, 27,8 min şəxsin məşğulluğu təmin olunub, 25,5 min şəxsə birdəfəlik ödəniş verilib.
2025-ci ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü artırılıb. Bu sosial qayğı siyasətinə töhfə verə “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı şəxs öhdəliyə götürüb, 93 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənib.
Bütün bunlar Zəfərin Azərbaycan tarixində, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-humanitar həyatında yaratdığı müstəsna nailiyyətlərin sarsılmazlığını əks etdirir.
Zəfərimiz mübarək və daimi olsun!!!
Ramid Namazov
Milli Məclisini deputatı