İlham Əliyev Şəmkir rayonuna səfər edib

10 Sentyabr 2013 21:56 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Şəmkir rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə Şəmkir şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov Prezident İlham Əliyevə abidənin ətrafında və rayonda son illərdə görülən abadlıq işləri barədə məlumat verib.

Azərbaycan Prezidenti Şəmkirdə Bayraq Meydanında yaradılmış şəraitlə tanış olub, Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib, Mərkəzin ətrafında salınan parkda yaradılmış şəraitlə maraqlanıb.

Prezident İlham Əliyev Şəmkirə səfəri çərçivəsində Bakı Oksford Məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılışında iştirak edib. Bildirilib ki, akademiya Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Sonra Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon Ağsaqqallar Şurasının sədri Məmməd Əmirov, poliklinikanın həkimi Nüşabə Seyidova, Düyərli kənd 2 nömrəli orta məktəbinin müəllimi İlhamə İbrahimova, "Ataholdinq" ASC-nin qərb filialının əməkdaşı Hidayət Məmmədov Şəmkirin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.

"Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi barədə dövlət başçısına məlumat verən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, layihə üzrə aparılan işlərin podratçısı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dir.


Azərbaycan Prezidenti daha sonra Şəmkirdə "Zəka" İntellektual Gənclər Mərkəzinin, "Excelsior Hotel Shamkir" mehmanxanasının açılışlarında iştirak etdi, əsaslı bərpa olunan Alman Lüteran Kilsəsi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birləşməsinin şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə də tanış olub.

AzNews.az