“Azərbaycan NATO ilə əməkdaşlığı balanslı şəkildə qurur” - Abutalıb Səmədov

10 Noyabr 2025 23:12 (UTC+04:00)

“Azərbaycanla Ermənistan arasında sülh sazişi Vaşinqtonda paraflandı və elə həmin gün imzalanan memorandumda bundan sonra atılacaq addımlar da göstərildi. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. NATO ölkələri, ilk növbədə Amerika Birləşmiş Ştatları bu sülh sazişinin hazırlanmasında mühüm rol oynadılar. Hətta Fransa da Avropa Siyasi Birliyinin Praqada keçirilən sammitində Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul etməyə yönləndirən ölkələrdən biri oldu. Eyni zamanda Vaşinqtonda xeyli danışıqlar getdi və bu danışıqlar sülh sazişinin əsas konturlarının ortaya çıxmasına kömək etdi. Çox təəssüf ki, sonrakı dövrdə həm Bayden administrasiyası, həm də Fransa prezidenti açıq-aşkar ermənipərəst mövqe tutdu və danışıqlardan uzaqlaşdırıldı”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Qeyd edək ki, dünyada baş verən geosiyasi təlatümlər fonunda və Cənubi Qafqazda yeni münasibətlərin formalaşmağa başladığı, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədiyi bir mərhələdə Azərbaycan–NATO əməkdaşlığının perspektivlərinin gündəmə gəlməsi mühüm əhəmiyyət kəsb edir. NATO nümayəndə heyətinin Azərbaycana səfəri göstərir ki, Azərbaycan NATO-ya üzvlük istiqamətində xüsusi səy göstərməsə də, ölkəmizlə bu nəhəng hərbi alyans arasında regional inkişaf, qlobal sülh, enerji təhlükəsizliyi və digər sahələr üzrə əməkdaşlıq məsələləri gündəmdə qalmaqdadır. Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biri kimi tanınır. Bu kontekstdə Prezident İlham Əliyev də qonaqlarla söhbət zamanı ölkəmizin alyans üzvü olan dövlətlərlə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb. Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində 1994-cü ildən etibarən alyansın proqramlarında fəal iştirak edir.

Siyasi şərhçi qeyd edib ki, NATO ölkələrinin, ilk növbədə Amerika Birləşmiş Ştatlarının bu prosesdə iştirakı və Cənubi Qafqazda fəallaşması, təbii ki, sülh sazişinin imzalanmasını təmin edə bilər.

"Azərbaycanın NATO ilə yaxın əməkdaşlığı Rusiyanı həmişə narahat edib. Ancaq bu əməkdaşlığın artıq 30 ildən çox tarixi var. Azərbaycan hakimiyyəti NATO ilə yaxınlaşmanın həddini və mümkün səviyyəsini hamıdan yaxşı bilir. Eyni zamanda, gözümüzün qarşısında NATO-ya sürətlə yaxınlaşmaq istəyən Gürcüstan və Ukraynanın üzləşdiyi problemlər və itirdikləri ərazilər var. Bütün bunlar onu göstərir ki, 30 ildən artıq müddətdə Azərbaycan hakimiyyəti NATO ilə münasibətləri düzgün qurub, əməkdaşlığı kəsmədən davam etdirib və eyni zamanda bu əməkdaşlıq Rusiyanı müəyyən qədər qıcıqlandırsa da, onun aqressivləşməsinə, Ukrayna və Gürcüstana göstərdiyi münasibəti Azərbaycana da göstərməyə cəhd etməsinə gətirib çıxarmayıb. Azərbaycan NATO-nun üzvü olan Türkiyə ilə sıx əməkdaşlıq edir və bu da Rusiyanı çəkindirən məqamlardan biridir. Mən hesab edirəm ki, bundan sonra da Rusiya Azərbaycan–NATO əməkdaşlığından nə qədər qıcıqlansa da, bunu büruzə verməməyə və açıq etirazla qarşılamamağa cəhd göstərəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az