“ABŞ-ın Ukraynaya birbaşa maliyyə dəstəyini dayandıraraq bu yükü NATO mexanizmi üzərinə ötürməsi Vaşinqtonun müharibəyə strateji baxışında mühüm dönüş nöqtəsidir. Tramp administrasiyasının bu qərarı ilk növbədə ABŞ-ın maliyyə yükünü azaltmaq, eyni zamanda Avropa müttəfiqlərini daha çox məsuliyyət daşımağa məcbur etmək niyyətindən xəbər verir. Bu, həm də ABŞ-ın artıq Ukrayna məsələsini “qlobal məsuliyyət” kontekstində görmək istədiyini göstərir. Əslində, Trampın “NATO vasitəsilə ödəniş alırıq” ifadəsi ikiqat məna daşıyır. Bir tərəfdən, ABŞ NATO çərçivəsində birgə maliyyə mexanizminin formalaşmasını dəstəkləyir, digər tərəfdən isə bu yolla öz prioritetlərini daha çox daxili iqtisadi sabitlik və resursların effektiv idarə olunması üzərinə yönəldir. Vaşinqton üçün bu, həm Ukraynaya yardımın davamlılığını qorumaq, həm də birbaşa məsuliyyətdən kənarda qalmaq balansıdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Xatırladaq ki, Ukraynaya silah təchizatı artıq ABŞ tərəfindən birbaşa maliyyələşdirilmir. Vaşinqton bu məqsədlə maliyyəni NATO vasitəsilə əldə edir. Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. “Artıq Kiyev üçün silahlara pul xərcləmirik. İndi NATO vasitəsilə ödəniş alırıq”, – Tramp vurğulayıb. Qeyd edək ki, bu açıqlama Tramp administrasiyasının Ukraynaya birbaşa maliyyə dəstəyindən imtina etdiyini və məsuliyyətin daha çox NATO üzərinə ötürüldüyünü göstərir. Yeni mexanizmə əsasən, Ukraynaya silah və hərbi texnika tədarükü üçün vəsait NATO-ya üzv olan Avropa ölkələrinin hesabına formalaşacaq. Tramp administrasiyası bildirir ki, bu dəyişiklik NATO daxilində ədalətli yük bölgüsünü təmin etmək və müttəfiqlərin hərbi məsuliyyətini artırmaq məqsədi daşıyır.
Siyasi şərhçi qeyd edib ki, yeni mexanizm NATO daxilində siyasi və maliyyə güc balansında müəyyən dəyişikliklərə səbəb ola bilər.
"Avropa ölkələri, xüsusilə Almaniya, Fransa və Polşa kimi əsas oyunçular, Ukraynaya yardımların maliyyələşdirilməsində daha böyük pay götürməli olacaqlar. Bu isə həm Avropa müdafiə siyasətinin daha müstəqil xəttə keçməsi, həm də NATO daxilində ABŞ-Avropa münasibətlərində yeni reallıqların formalaşması anlamına gəlir. Tramp administrasiyasının yanaşması, ümumilikdə, “Amerika ödəmir, amma liderliyini saxlayır” prinsipinə əsaslanır. Bu, həm Vaşinqtonun beynəlxalq öhdəliklərini yenidən tənzimləməsi, həm də Avropa müttəfiqlərinin öz təhlükəsizliklərinə daha çox sərmayə qoymalı olduqları mesajıdır. Nəticə etibarilə, Ukraynaya yardımların NATO vasitəsilə maliyyələşdirilməsi ABŞ üçün strateji yüngülləşmə, Avropa üçün isə həm siyasi, həm də maliyyə baxımından məsuliyyət artımı deməkdir. Bu dəyişiklik NATO-nun gələcək fəaliyyət modelinə də təsir göstərə bilər — alyansın daha kollektiv, eyni zamanda daha çox Avropa yönümlü təhlükəsizlik arxitekturasına doğru inkişafına yol aça bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az