“Təbii ki, Sarkisyanın bu açıqlaması göstərir ki, o, həm özü, həm komandası, həm də ümumilikdə Paşinyandan əvvəlki Ermənistan siyasi elitası ilə bağlı bir etiraf səsləndirib. Bu, həmin dövrdə hakimiyyətin mahiyyətcə “rus mühiti” içində fəaliyyət göstərdiyini və Moskva ilə sıx əlaqələrə əsaslandığını dolayısı ilə qəbul etmək deməkdir. Sarkisyan bu faktı gizlətmir, əksinə, hazırda anti-Paşinyan əhval-ruhiyyəsinin artdığı bir vaxtda bunu siyasi alət kimi istifadə etməyə çalışır. Sual yarana bilər: niyə indiyədək susurdu? Çünki Paşinyanın reytinqi bir müddət əvvəl kifayət qədər yüksək idi. Onun Qərbə inteqrasiya siyasəti erməni cəmiyyəti üçün “daha sivil və rifah yönümlü bir gələcək” vədi kimi görünürdü. Həmçinin iqtisadi islahatlar və sosial rifahın qismən yaxşılaşması da Paşinyana daxildə xal qazandırmışdı”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ictimaiyyətin bəzi dairələri Serj Sarkisyanı 7 saatlıq müsahibəsində səsləndirdiyi və səsləndirmədiyi fikirlərə, xüsusən də 2018-ci ildə hakimiyyəti Paşinyana niyə bu qədər asanlıqla təhvil verdiyini açıqlamamasına görə tənqid ediblər. Lakin Ermənistan Respublika Partiyası hesab edir ki, Sarkisyan müsahibəsində bütün vacib məqamlara toxunub. Bu barədə erməni KİV məlumat yayıb. Müsahibədə Sarkisyan həmçinin deyib: “Sual yarana bilər: Rusiya niyə bitərəf qaldı? Çünki onlar inanırdılar ki, istənilən halda, hətta xalq üsyanı olsa belə, mən vəzifədən getsəm, o zaman Baş nazir Karen Karapetyanın simasında həmin postda rusiyayönlü bir fiqur olacaq və bu, böyük faciə sayılmayacaq. Əgər Ermənistana açıq şəkildə anti-Rusiya mövqeyində olan bir şəxs gətirilsəydi, bu, artıq faciə olardı.”
Siyasi şərhçi qeyd edib ki, 44 günlük müharibədəki məğlubiyyət, Ermənistan ordusunun dağılması və Paşinyanın bundan sonra reallıqları qəbul edərək Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar radikal və şovinist dairələrdə ciddi narazılıq yaradıb.
"Bu qüvvələr, əsasən rusiyameylli siyasi çevrələr, həmin narazılıq dalğasından yararlanaraq yenidən siyasi üstünlük qazanmağa çalışırlar. Sarkisyanın açıqlamalarının Moskva tərəfindən informasiya və siyasi alət kimi istifadə olunması da istisna deyil. Bu, Rusiya siyasəti üçün yad bir təcrübə deyil — Moskva həmişə başqa dövlətlərin daxili işlərinə təsir göstərmək, orada özünə meylli hakimiyyətləri formalaşdırmaq üçün yerli agentura şəbəkələrindən və informasiya manipulyasiyalarından fəal şəkildə istifadə edib. Sarkisyan da, ondan əvvəlki Robert Köçəryan da bu üsullara əl atıblar. Əgər o zaman onların “əsas mövzusu” Qarabağ məsələsi idisə, indi Paşinyanın “Qarabağı itirməsi” həmin qüvvələr üçün yeni təbliğat vasitəsinə çevrilib. Hazırda Paşinyanı “Türkiyə agenti”, “Qərb agenti” kimi damğalamaqla cəmiyyətdə onun legitimliyini sarsıtmağa və siyasi hakimiyyətə qayıtmaq üçün zəmin hazırlamağa çalışırlar. Bütün bu açıqlamalar əslində, Ermənistan daxilində Rusiya təsirinin yenidən güclənməsi və Moskvanın köhnə siyasi elitalar üzərindən öz mövqeyini bərpa etmə cəhdlərinin açıq göstəricisidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az