“Avropa İttifaqının təhlükəsizlik təşəbbüsü gözlənilən addımdır” - Kənan Novruzov

11 Noyabr 2025 20:28 (UTC+04:00)

“Əslində bu addım gözlənilən idi və gələcəkdə də oxşar tədbirlərin atılması mümkündür. Şərq və Qərb arasında qarşıya açıq şəkildə böyük bir müharibənin başlanacağı ehtimalı, bir sıra dövlətlərin buna uyğun addımlarından da bəllidir. Məsələn, müxtəlif ölkələr artıq müdafiə xərclərini artırır, yeraltı bunkerlər inşa edir, yeni islahatlar həyata keçirir və müdafiə sistemlərini gücləndirirlər. Hətta ən təhlükəsiz hesab olunan ölkələrdən biri olan Finlandiyada da oxşar addımlar atılır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Avropa Komissiyası qurumlarının təhlükəsizliyini təmin etmək və xarici təhdidlərə qarşı mübarizəni gücləndirmək məqsədilə öz kəşfiyyat xidmətini yaratmağı planlaşdırır. Komissiyanın nümayəndəsi Balyaş Uyvari bildirib ki, Baş katibliyin strukturunda ixtisaslaşmış bir bölmənin yaradılması nəzərdən keçirilir. Təşəbbüsün məqsədi Aİ-ni Rusiya və Çindən gələn potensial təhlükələrdən qorumaqdır, lakin bu ideya Komissiya və Parlament daxilində hələlik birmənalı qarşılanmayıb.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan Avropa İttifaqının belə bir təşəbbüsü gözlənilən addımdır.

"Lakin kifayət edib-etməyəcəyinə gəlincə, şübhələr var. Əvvəla, Avropanın özündə vahid fikir olmalıdır, amma reallıq belə deyil. Avropa dövlətlərinin mövqeləri üst-üstə düşmür. Kollektiv Qərb anlayışı Trampın hakimiyyətə gəlməsindən sonra zəifləyib. ABŞ artıq Avropaya deyir ki, öz müdafiə xərclərinizi artırın, özünüzü gücləndirin və sair. Eyni zamanda, Avropadakı dövlətlərin fikirləri də bir-birinə uyğun gəlmir – məsələn, Macarıstanla Fransa, ya da Almaniya ilə digər dövlətlərin mövqeləri üst-üstə düşmür. Belə vəziyyətdə, əgər genişmiqyaslı müharibə ehtimalı ortaya çıxsa, düşünmürəm ki, bütün Avropa dövlətləri eyni mövqedən çıxış edə biləcək. Bu isə Avropanın Rusiya ilə qarşıdurmada istənilən səviyyədə müqavimət göstərə bilməsi imkanlarını məhdudlaşdırır".

Rəfiqə Namazəliyeva,

AzNews.az