“Bugün Ermənistan cəmiyyətində baş verən hadisələr bir təlatüm doğurur. Bu təlatüm ermənilərin Rusiyada yaşayan lobbiləri ilə qərbdə, xüsusilə Amerikada yaşayan lobbiləri arasında gedən mübarizədən qaynaqlanır. Tarixən erməni xalqı və dövləti böyük güclərin əlində bir alətə çevrilərək idarə olunub və bu gün də həmin proses davam etməkdədir. Paşinyanı hakimiyyətə gətirən qüvvələr ABŞ-lardakı lobbilərdir. Onlar Paşinyana təlimatlar verərək siyasətini buna uyğun aparmasını tələb ediblər və Paşinyan da bu təlimatlara əsaslanaraq fəaliyyət göstərir. Bu təlimatların əsas məqsədi Rusiyanın Ermənistanda nüfuzunu zəiflətməkdir. Paşinyan hakimiyyətə gələn zaman Qarabağla bağlı verdiyi “Qarabağ Ermənistandır” şüarı bu siyasətin bir hissəsi kimi diqqət çəkmişdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, Ermənistanın siyasi mənzərəsi uzun illərdir ki, Qarabağ mövzusu ətrafında yaranan ziddiyyətlər və qarşıdurmalarla səciyyələnir. Həm “Qarabağ klanı”, həm də mövcud hakimiyyət bu mövzudan daxili siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Son vaxtlar Qarabağla bağlı müəyyən sənədlərin açıqlanacağı barədə yayılan məlumatlar və qarşılıqlı ittihamların artması ölkədə siyasi gərginliyi daha da dərinləşdirib. Bu fondda keçmiş və hazırkı hakimiyyət təmsilçiləri arasında artan rəqabət bir daha göstərir ki, Qarabağ məsələsi Ermənistanın daxili siyasi proseslərində hələ də əsas strateji faktor olaraq qalır.
Siyasi şərhçi qeyd edib ki, hazırda Ermənistandakı siyasi proseslər, xüsusilə də Qarabağ amili ətrafında toplanan qüvvələrin təsiri altında formalaşır.
"Qarabağ məsələsindən siyasi alət kimi istifadə etmək istəyən qüvvələr olsa da, 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni bir siyasi reallıq yaranıb. Bu reallıq Paşinyanın siyasətində ciddi təsir göstərir, çünki Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılıdır. Paşinyan apardığı siyasət nəticəsində Ermənistan beynəlxalq aləmdə təcrid vəziyyətindədir. 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması bu təcridi dərinləşdirib və proses bu gün də davam edir. Buna görə də Paşinyan dünyaya inteqrasiya etmək, iqtisadi və siyasi baxımdan ölkəni inkişaf etdirmək istəyirsə, Azərbaycanın və qonşuların mövqeyini nəzərə almalı, qonşularla münasibətləri normallaşdırmalıdır. Paşinyan qərb lobbilərinin təlimatına əsaslanaraq Rusiyanın Ermənistandakı təsirini zəiflətmək üçün Avropa və Qərblə inteqrasiya yolunu seçir. Bu proses xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərdə özünü göstərir. Əgər bu münasibətlər düzgün qurularsa, Ermənistan Azərbaycan üzərindən regional infrastruktura çıxış əldə edə bilər və iqtisadi inteqrasiyanı təmin edə bilər. Ermənistanın iqtisadi resurslarının böyük hissəsi hələ də Rusiyaya bağlıdır və bu təsir ölkədə siyasi təlatümün davam etməsinə səbəb olur. Belə ki, Rusiyaya bağlı erməni lobbiləri hesab edir ki, Ermənistanın gələcəyi Rusiyanın təsirindən asılıdır, Qərb qanadı isə ölkənin Amerikayla əlaqələrinin inkişafını vacib sayır. Bu mübarizənin bir tərəfi də Qarabağ məsələsinin daxili siyasətdə istifadə olunmasıdır. Azərbaycanın yaratdığı yeni siyasi reallıq Ermənistandakı proseslərə təsir göstərir. Paşinyan və digər siyasi qüvvələr Azərbaycanın şərtlərinə uyğun davranmaq məcburiyyətindədir. Əks halda Ermənistan daha ağır təcrid və iqtisadi böhranla üzləşə bilər. Azərbaycanın dəmir yumruğu fonunda Ermənistanın hakimiyyəti reallığa uyğunlaşmalı, qonşularla dinc yanaşı yaşamaq prinsipini qəbul etməlidir. Tarixi torpaqlar üzərində iddialarını gündəmə gətirmək Ermənistanı daha ağır nəticələrlə üz-üzə qoyar. Bu baxımdan, Ermənistanın siyasi hakimiyyəti Qarabağ şüarı altında daxili hərəkətləri təşkil etsə də, bu proses uğursuzluğa məhkumdur. Ermənistanın mövcud iqtidarı və müxalifəti Azərbaycanın yaratdığı reallıqları qəbul etmədiyi təqdirdə ölkə fəlakətlərlə üzləşə bilər. Bugün Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə gedir. Bu mübarizənin əsas elementi erməni lobbilərinin Qərb qanadı ilə Rusiya qanadı arasında gedən savaşdır. Hakimiyyət uğrunda mübarizənin metodlarından biri də Qarabağ şuarı altında yeni hərəkətlər başlatmaqdır. Lakin hesab edirəm ki, bu proses dalana dirənəcək və uğursuzluqla nəticələnəcək. Ermənistanın siyasi hakimiyyəti açıq şəkildə Azərbaycanın yaratdığı reallığı görür. Avantürist hərəkətləri davam etdirərək Azərbaycanın şərtlərini qəbul etməsə, ölkə daha ağır nəticələrlə üzləşə bilər. İstər müxalifət, istərsə də iqtidar dəyişsə belə, Ermənistan Azərbaycanın yaratdığı siyasi reallıqlara uyğun davranmalı, qonşularla dinc yanaşı yaşamaq və beynəlxalq hüquq normalarına əməl etməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az