“Paşinyanın rəhbərlik etdiyi partiyada müşahidə olunan ümumi tendensiya ondan ibarətdir ki, siyasi xətt əsasən Qərb yönümlü və Rusiya təsirindən uzaq durmağa çalışan qüvvələr üzərində qurulub. Bu, partiya daxilindəki hər bir üzv üçün keçərli olmasa da, strukturun ideoloji istiqaməti məhz bu istiqamətdə formalaşıb. Belə bir şəraitdə konkret fiqurun ön plana çəkilməsi və ya geri planda saxlanılması ciddi faktor kimi qiymətləndirilmir, çünki bütün qərarlar birbaşa Paşinyanın siyasi iradəsindən asılıdır. Ermənistan siyasətində hələ də liderə şəxsi sədaqət, fərdi qərarların üstünlüyü və “rəhbər mərkəzli” idarəçilik mədəniyyəti öz təsirini saxlamaqdadır. Bu xüsusiyyət Paşinyanın partiyasında da aydın görünür: burada əsas məsələ konkret şəxsiyyətlərin rolu deyil, rəhbərin müəyyən etdiyi siyasi kursa uyğunluqdur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, Ermənistan siyasətində Paşinyanın rolu və partiya daxilindəki balans seçkilər ərəfəsində diqqət mərkəzindədir. Paşinyan həm partiyada parçalanma risklərini minimuma endirməyə, həm də cəmiyyət qarşısında sabit və monolit siyasi imic yaratmağa çalışır. Bu taktika yalnız daxili sabitliyi qorumaqla kifayətlənmir, həm də gələcək seçki nəticələrinə təsir göstərməyi hədəfləyir. Azərbaycan baxımından isə əsas maraq Ermənistanda baş verən proseslərin regiondakı sülh gündəminə təsirindədir. Hakimiyyət dəyişiklikləri və seçki öncəsi siyasi balansın pozulması sülh prosesinə mənfi təsir göstərə və mövcud irəliləyişlərdən geri dönüş riskini artırar.
Siyasi şərhçi qeyd edib ki, Paşinyan həm partiya daxilində parçalanma risklərini minimuma endirməyə, həm də seçkilər öncəsi cəmiyyət qarşısında sabit və monolit imic yaratmağa çalışır.
"Buna görə də rəhbərlikdə baş verən dəyişikliklər daha çox taktiki addım xarakteri daşıyır. Alen Simonyan və digər nüfuzlu partiya üzvlərinin son aylarda diqqət mərkəzindən uzaq qalması da bu siyasətin tərkib hissəsi kimi görünür. Bu, daxili rəqabətin qarşısını almağa, partiyanın vahid mövqeyini qorumağa yönəlmiş addımdır. Paşinyan, eyni zamanda, elə bir siyasi fiquru önə çıxarmağa çalışır ki, həmin şəxs həm partiya üzvləri, həm də geniş ictimaiyyət tərəfindən qəbul oluna bilsin. Müasir siyasi reallıqda artıq seçkilərin nəticəsini yalnız partiya elektoratı deyil, partiyasız və qərarsız seçicilər müəyyən edir. Ermənistan da bu baxımdan istisna deyil. Yəni əvvəlki illərin “mərkəzdən idarə olunan” seçki mexanizmləri artıq işlək deyil. Bu reallığı Paşinyan da anlayır və buna görə indidən riskləri aradan qaldırmağa çalışır. Son təyinatların və struktur dəyişikliklərinin arxasında da məhz bu məqsəd — siyasi sabitliyin qorunması və seçki öncəsi balansın saxlanılması dayanır. Azərbaycan üçünsə bu proseslərin daxili detalları yox, onların regiondakı sülh gündəminə təsiri önəmlidir. Əgər Ermənistan daxilində baş verən dəyişikliklər revanşist və anti-Azərbaycan meyllərin güclənməsinə səbəb olsa, bu, təbii ki, sülh prosesinə mənfi təsir göstərə bilər. Belə bir ssenaridə Azərbaycan yenidən “sülhə məcburetmə” siyasətinə müraciət etmək məcburiyyətində qala bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az