Təcavüzkar müharibənin gedişində atəşkəs dəfələrlə pozulmaqla Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən onun Silahlı Qüvvələrinin üzvləri, mülki şəxslər, onların əmlakları, mülki təyinatlı dövlət obyektləri, dini, təhsil, elm, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdiyi yerlər, habelə mühüm strateji əhəmiyyətə malik obyektlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri hücum obyektinə çevrilib.
Habelə bildirilib ki, işgəncələrin sistematik xarakter daşıması və geniş coğrafiyada yayılması işgəncənin tətbiqinin Ermənistan dövlətinin siyasətini əks etdirdiyini sübut edir.
Vurğulanıb ki, Cenevrə Konvensiyalarına I Əlavə Protokol “işğal edən dövlətin öz vətəndaşlarının bir hissəsini işğal etdiyi əraziyə köçürməsini” cinayət sayıb. Qeyd edilib ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan bölgələrinə, xüsusən də Laçın rayonuna Ermənistandan əhalinin köçürüldüyünü təsdiqləyiblər. Eyni zamanda, bu faktlar məhkəmə istintaqında tədqiq edilmiş məktublar, erməni mənbələrin məlumatları və internet informasiya ehtiyatında olan məlumatlara əsasən təsdiq olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.