“Deepfeyklər artıq müasir dövrün reallığına çevrilib. Xüsusilə siyasi proseslərə təsir göstərmək məqsədilə müxtəlif məzmunların yaradılması, texnologiyaların sürətlə inkişafı fonunda, getdikcə daha da asanlaşır. Məsələn, 2020-ci ildə ABŞ-da siyasətçilərin saxta videolarının sosial mediada paylaşılması ictimai rəyin manipulyasiyasına yönəlmişdi. Bu cür texnologiyalar seçici davranışına təsir göstərərək nəticədə demokratik proseslərin pozulmasına gətirib çıxarırdı. Həmin dövrdə əsas hədəf Donald Tramp idi. Elə buna görə də o, seçkilərin nəticələrinə qarşı çıxaraq onları saxta adlandırmışdı”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan komanda üzvlərinə boşanmağı qadağan edib. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşrin iddiasına görə, Paşinyan ölkədə demək olar ki, hər şeyə — o cümlədən komanda yoldaşlarının şəxsi həyatına da nəzarət edir. "Əldə etdiyimiz məlumata əsasən, baş nazir komanda üzvlərinə boşanmağı qadağan edib. Yaxın günlərdə komanda üzvlərindən biri Paşinyana həyat yoldaşından ayrılaraq yeni həyata başlamaq istədiyini bildirib. Baş nazir isə bu hadisəni əsas gətirərək bütün komanda üzvlərinə boşanmağı qadağan edib. Paşinyan bildirib ki, hakim partiyada artıq kifayət qədər boşanma hadisəsi baş verib və bundan sonra heç kimin boşanmağa haqqı yoxdur. O, bunu belə izah edib ki, bu kimi hallar hakim komandanın ictimai imicinə zərər vurur və partiyanın nüfuzunu azaldır”.
Siyasi şərhçi bildirib ki, deepfeyklər qərəzli və manipulyativ məqsədlərlə hazırlanaraq cəmiyyətdə siyasi qütbləşməni daha da dərinləşdirir.
"İnsanlar həqiqi və saxta məzmunu ayırd etməkdə çətinlik çəkir, nəticədə siyasi açıqlamalara və media mənbələrinə inam azalır. Bu isə cəmiyyətin informasiya təhlükəsizliyinə, eləcə də mediaya, siyasi institutlara və dövlət hakimiyyətinə etimadın sarsılmasına gətirib çıxarır. Bu texnologiyanın təsiri təkcə daxili siyasətlə məhdudlaşmır, beynəlxalq münasibətlərdə də özünü göstərir. Məsələn, Rusiya–Ukrayna müharibəsi zamanı yayılan saxta videolar informasiya müharibəsinin bir hissəsinə çevrilmişdi. Oxşar hal Vətən müharibəsi dövründə də müşahidə olunub — ölkəmizə qarşı təxribat xarakterli, yalan və manipulyativ məlumatların yayılması həmin informasiya hücumlarının tərkib hissəsi idi. “Bellingcat” kimi qurumların saxta materialları əsasında ölkəmizə qarşı Avropa və ABŞ mediasında aparılan kampaniyalar da bu xəttin davamı hesab oluna bilər. Ermənistana gəldikdə isə, 2026-cı ildə bu ölkə ciddi bir siyasi seçim qarşısında qalacaq. Əgər bu seçkidə Nikol Paşinyan qalib gələrsə, bu, regional sülh və sabitlik gündəliyinin qalib gəlməsi kimi qiymətləndirilə bilər. Əks halda, revanşist qüvvələrin – yəni xarici dairələrin Ermənistandakı təsir agentlərinin – hakimiyyətə gəlməsi regionda sülhün qorunması baxımından arzuolunan deyil. Seçkilər yaxınlaşdıqca Paşinyanı hədəf alan saxta kontentlərin artacağı artıq gözləniləndir. Onun adına açılmış saxta sosial şəbəkə profilləri və yayılan yalan açıqlamalar bu tendensiyanın göstəricisidir. 2025-ci ilin iyun ayında Ermənistan Baş Prokurorluğu bildirib ki, Paşinyana məxsus olduğu iddia edilən səs yazısı “təxribat məqsədli, süni intellektlə hazırlanmış” audio fayldır. Həmin hadisə üzrə Ermənistan Cinayət Məcəlləsinin “kompüterlə bağlı saxtakarlıq” maddəsi ilə cinayət işi başlanıb. Belə bir şəraitdə, ölkəmizin sülh gündəliyinə yönəldiyi bir dövrdə, manipulyativ və saxta məzmunların deyil, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatların paylaşılmasına üstünlük verilməsi xüsusi əhəmiyyət daşıyır".
Rəfiqə Namazəliyeva,
AzNews.az