“Süni intellekt müəllimi əvəz edə bilməz” - Sona Əliyeva

13 Noyabr 2025 17:33 (UTC+04:00)

“Süni intellekt və rəqəmsal texnologiyalar artıq həyatımızın və təhsilimizin ayrılmaz hissəsinə çevrilib. Şagirdlər fərdi öyrənə bilir, müəllimlər işlərini daha sürətli görə, məlumatlar isə dəqiq analiz edilərək sistemləşdirilə bilir. Lakin bir həqiqət dəyişməz olaraq qalır: süni intellekt müəllimi əvəz edə bilməz. Müəllim – emosiyanı, motivasiyanı və insani toxunuşu ötürən tərəfdir. AI yalnız düzgün yönləndiriləndə faydalı olur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva deyib.

Xatırladaq ki, rəqəmsal texnologiyalar və süni intellekt təhsil sistemini kökündən dəyişir. AI şagirdlərə fərdi öyrənmə imkanları yaradır, məlumatları sürətlə emal edir və müəllimləri təkrarlanan işlərdən azad edir. Lakin texnologiya müəllimin rolunu əvəz edə bilməz — əsas məsələ onun etik və məsuliyyətli istifadəsidir. AI həmçinin şagirdlərin yaradıcı və kritik düşüncə bacarıqlarını dəstəkləməli, öyrənməni yalnız sürətli yox, dərin və effektiv etməlidir.

Ekspert qeyd edib ki, müəllim süni intellekti kor-koranə istifadə edən deyil, onu idarə edən tərəf olmalıdır.

"AI müəllimin yerinə proqram icmal yazmamalı və ya qərar verməməlidir; o, yalnız müəllimin işini yüngülləşdirməlidir. Eyni prinsip şagirdlər üçün də keçərlidir: əgər AI onların yerinə düşünərsə, öyrənmə səthi olacaq. Amma düşünmə prosesini – müqayisə, tənqid, yeni ideya yaratma – dəstəkləyərsə, bu, real inkişaf gətirəcək. Azərbaycan reallığında ən böyük risk odur ki, AI şagirdlər üçün “hazır cavab bankı”, müəllimlər üçün isə “hazır dərs planı mənbəyi”nə çevrilə bilər. Belə olduqda çevik ola bilərik, amma keyfiyyəti itiririk. Yaradıcı və tənqidi düşüncə yalnız tapşırıqlar şagirdin şəxsi mövqeyi və analitik yanaşması ilə qiymətləndirildikdə formalaşır, hazır cavablara əsaslananda yox. Məncə, təhsildə süni intellektin düzgün istifadəsi üçün iki əsas şərt vacibdir və tez bir zamanda həyata keçirilməlidir:

• Müəllimlər üçün real “AI savadlılığı” təlimlərinin təşkili;

• Məktəb və universitetlərdə etik qaydaların, plagiat və sui-istifadə mexanizmlərinin yaradılması.

Bu gün texnologiya təhsili dəyişir, amma istiqaməti biz müəyyən edirik. Süni intellekt şagirdin və müəllimin beyni deyil – onların düşünməsini gücləndirən alət olmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az