Deputatın həbs olunan qardaşı oğlu ilə bağlı yeni xəbər

11 Sentyabr 2013 08:51 (UTC+04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində "1001 gecə" restoranında baş verən kütləvi dava ilə bağlı təqsirli bilinən Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər 3 ildən 6 ilədək müddət arasında cəzalandırılıblar.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzov ötən il iyulun 16-da axşam saatlarında Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində kütləvi dava zamanı Rəşad Mirələmovla mübahisə ediblər. Həmin vaxt adıçəkilən şəxslər Rəşad Mirələmova xəsarət yetiriblər.

Daha sonra iyulun 17-də gecə saat 03.00 radələrində restoranda dava yenidən başlayıb. Həmin vaxt Rəşad Mirələmovun odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Ramal Bayramov döş qəfəsindən, İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlu isə qolundan güllə yarası alıb. Ramal Bayramov aldığı xəsarətdən vəfat edib.

Qeyd edək ki, baş verən kütləvi dava və qətl olayı ilə bağlı cinayət işi başlanıb. Kütləvi dava ilə bağlı Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzov təqsirləndirilən şəxs quismində cəlb ediliblər. Onların işi üzrə isə Rəşad Mirələmov, Əli İbrahimov, Elxan Məmmədli, Elşən Əsədov və Orxan Həsənov zərərçəkmiş qismində tanınıb.

Onu da əlavə edək ki, Rəşad Mirələmovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qətl törətmək) və 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Hazırda Rəşad Mirələmovun barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Xatırladıq ki, Rəşad Mirələmov millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğludur. "1001 gecə" restoranının da deputata məxsus olduğu bildirilir.

AzNews.az