İnsanların bəzilərinin gecə daha aktiv, digərlərinin isə səhər saatlarında yüksək enerjili olması sadəcə vərdişlərlə bağlı deyil. Xronotip adlanan bu fərqliliklər orqanizmin daxili bioloji saatının necə işlədiyini göstərir. Sirkadiyal ritmlər, hormon balansı, genetik quruluş və həyat tərzi amilləri xronotipi müəyyənləşdirir və bu, insanın gündəlik məhsuldarlığından psixoloji sağlamlığına qədər bir çox sahəyə təsir edir.
Xronotiplərin əsasında beyin və hormonal sistemin koordinasiyası dayanır. Sirkadiyal ritmlər 24 saatlıq dövr ərzində bədənin oyanıqlıq, yuxu, temperatur və metabolizm kimi funksiyalarını tənzimləyir. Melatonin axşam saatlarında artır və yuxululuğu gücləndirir, kortizol isə səhər yüksələrək bədəni aktivliyə hazırlayır. Elmi araşdırmalar göstərir ki, bu hormonların pik nöqtələri hər insanda eyni saatlara düşmür. Məsələn, “gecə bayquşu” tipinə aid olanlarda melatonin ifrazı gec başlayır və kortizolun yüksəlişi də daha gec müşahidə edilir.
Genetikanın da rolu nəzərəçarpandır. Beynin sirkadiyal ritmlərə cavabdeh olan SCN (supraxiazmatik nüvə) bölgəsi və PER, CRY kimi genlərin fəaliyyətindəki fərqliliklər xronotipi formalaşdırır. 2019-cu ildə "Nature Communications" jurnalında yayımlanan genişmiqyaslı araşdırma 500 mindən çox insandan toplanmış genetik məlumatı təhlil edərək müəyyən edib ki, təxminən 350-dən çox gen variantı insanın səhər və ya gecə yönümlü olmasına təsir göstərir.
Xronotiplər davranış və zehni performansa da təsir edir. Səhər xronotipli insanlar adətən gündüz saatlarında yüksək diqqət və konsentrasiya nümayiş etdirirlər. Gecə xronotiplilər isə yaradıcılıq, problemləri qeyri-adi yanaşmalarla həll etmək və uzunmüddətli fokus tələb edən işlərdə üstün ola bilirlər. Tədqiqatlar göstərir ki, səhərlər aparılan testlərdə “səhər quşları” daha yaxşı nəticə göstərsə də, gec saatlarda aparılan kognitiv tapşırıqlarda “gecə bayquşları” öndə olur.
Yuxu keyfiyyəti isə iki xronotip arasında əsas fərq yaradan məqamlardan biridir. Sosial ritmlər, yəni iş və təhsil qrafiki daha çox səhər xronotiplərinə uyğun qurulduğundan “gecə bayquşları” daha çox “sosial jetlaq” yaşayırlar. Bu vəziyyət onların real bioloji saatı ilə sosial öhdəliklər arasındakı uyğunsuzluqdan yaranır. Harvard Medical School-un araşdırmasına görə, sosial jetlaq yaşayan insanlarda yuxu pozuntuları, stres hormonlarının yüksəlməsi, hətta uzunmüddətli olaraq metabolik xəstəliklərin riski arta bilər.
Həyat tərzi və sosial mühit də xronotiplərin formalaşmasına təsir edir. Şəhər həyatının süni işıqlandırılması, gec saatlara qədər ekran istifadəsi, uzun iş qrafikləri melatoninin gecikməsinə səbəb olaraq insanların gecə xronotipinə yönəlməsini gücləndirə bilər. Mütəxəssislər xüsusilə gənclərdə gecə yönümlülüyün artmasını məhz bu faktorlarla izah edirlər. Eyni zamanda, məktəblərdə dərslərin çox erkən başlaması yeniyetmələrdə yuxu çatışmazlığı və diqqət problemlərinə səbəb ola bilər.
Xronotipdən asılı olaraq uyğun həyat tərzi strategiyası seçmək mümkündür. Səhər xronotipli insanlar günün erkən saatlarını məhsuldar fəaliyyətlərə ayırmalı, günortadan sonra daha yüngül işlər görməlidirlər. Gecə xronotiplilər üçün isə mərhələli şəkildə yuxu vaxtını irəli çəkmək, axşam süni işıqdan uzaq durmaq, səhərlər gün işığına çıxmaq və ardıcıl yuxu rejimi qurmaq faydalı ola bilər. Psixoloqlar həmçinin hər iki xronotipin öz güclü tərəflərini tanımasını və iş yükünü ona uyğun planlamasını tövsiyə edir.
Xronotiplərin iş mühiti və iqtisadi fəaliyyətə təsiri də diqqətçəkəndir. Korporasiyalar müxtəlif xronotiplərə malik əməkdaşların fərqli saatlarda daha məhsuldar olduqlarını nəzərə alaraq çevik iş qrafikləri tətbiq etməyə başlayırlar. Bu, həm performansı artırır, həm də işçi məmnunluğunu yüksəldir. Səhər xronotiplilər erkən iclaslarda daha aktiv olur, gecə xronotiplilər isə yaradıcılıq və analitik tapşırıqlarda üstün nəticə göstərirlər.
Uzunmüddətli perspektivdə xronotipə uyğun həyat tərzi seçmək sağlamlıq üçün mühüm rol oynayır. Yuxu ritminin pozulması ürək-damar sistemi, psixoloji rifah və metabolik balans üçün risk yarada bilər. Bu səbəbdən həkimlər xronotipi nəzərə alan fərdi yuxu strategiyalarının əhəmiyyətini vurğulayırlar. Təhsil, iş qrafiki və şəhər planlaması kimi sahələrdə xronotip fərqlərinin tanınması isə ümumi cəmiyyət məhsuldarlığını artırmaq baxımından aktualdır.
Sonda qeyd edək ki, xronotip insanın dəyişməz xüsusiyyəti deyil. Genetik baza olsa da, həyat tərzi və mühit faktorları sayəsində müəyyən dəyişikliklər mümkündür. Buna görə də hər kəs öz bədəninin ritmini daha yaxşı tanımalı və gündəlik həyatını bu ritmə uyğunlaşdırmağa çalışmalıdır.
Nuray,
Aznews.az