Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı Qarabağdan olan ermənilərlə bağlı iddialara münasibət bildirib.
Paşinyan çıxışında bəzi siyasi çevrələrin hökumət haqqında “Qarabağdan olan ermənilərə etimadsızlıq göstərilir” iddialarını əsassız adlandırıb.
Baş nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin rəhbər heyətinin əhəmiyyətli hissəsi məhz Qarabağ mənşəli şəxslərdir:
“Silahlı Qüvvələrimizin rəhbərliyinin yarısı qarabağlıdır. Ordunu qarabağlılar idarə edir. Əgər biz onlara etibar etməsək, necə onları ən məsul vəzifələrə təyin edə bilərdik?”
Paşinyan, həmçinin, hökumətə qarşı səsləndirilən “xəyanət” ittihamlarını rədd edərək deyib ki, bu iddiaların özləri Qarabağdan olan yüksək rütbəli zabitləri də şübhə altına alır:
“Mən heç vaxt eşitməmişəm ki, həmin mənşəcə qarabağlı şəxslərin hansısa xəyanətkar əmələ qarışdığı iddia olunsun. Əgər biz xəyanətkarıqsa, onlar bizimlə necə işləyirlər?”
Baş nazir vurğulayıb ki, ordunun “bütün yuxarı komanda piramidasında” ən kritik vəzifələrin qarabağlı kadrlara həvalə olunması iddiaların əsassız olduğunu göstərir.
AzNews.az