Ermənistan ordusunda "rus piramidası" - TƏHLİL

14 Noyabr 2025 14:38 (UTC+04:00)

“Silahlı Qüvvələrimizin rəhbərliyinin yarısı qarabağlıdır. Ordunu qarabağlılar idarə edir. Əgər biz onlara etibar etməsək, necə onları ən məsul vəzifələrə təyin edə bilərdik?”

Bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin parlamentində verib.

Baş nazir vurğulayıb ki, ordunun “bütün yuxarı komanda piramidasında” ən kritik vəzifələr məhz “qarabağlı” kadrlara həvalə olunub.

Paşinyanın bu dedikləri həm statistik, həm də praktik baxımdan doğru görünsə də, daha çox daxili auiditoriyaya hesablanmış, iç sosial-siyasi gərginliyi və “Mülki Müqavilə” hökumətinə qarşı sistematik təzyiqləri yumşalmağa yönəlmiş bəyanatdır.

Məlum olduğu kimi, Nikol Paşinyan Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qəti və tarixi qələbədən sonra Ermənistandakı revanşist qüvvələr tərəfindən “təslimçi” və “satqın” kimi qələmə verilir. İndi Nikol belə bir açıqlama ilə diqqəti ona yönəldir ki, Ermənistan ordusunun ən kritik postlarında “əslən” Qarabağdan olan zabit və generallar oturub, lakin onlara heç kim “xəyanətkar” damğası vurmur. Bununla Paşinyan ünvanına səslənən ittihamların siyasi manipulyasiya olmasını vurğulamaq istəyir. İttihamları opponentlərinin özünə qaytarmaq Paşinyan üçün ənənəvi ritorikadır, lakin bu ritorika Ermənistan ordusunun məğlub, fərari və fərsiz məzmununu dəyişmir.

Məsələyə fərqli bir rakursdan da baxaq.

Əgər Ermənistan ordusunun elitasının yarısı Azərbaycanın Qarabağ bölgəsində dünyaya gəlibsə və ya “əslən” Qarabağdandırsa, deməli, onlar Ermənistanın üzləşdiyi strateji məğlubiyyətdə də əsas pay sahibləridirlər. 44 günlük müharibə Ermənistan ordusunun nizamsızlığını üzə çıxardı, fərarilik tarixində erməniləri birinci yerə yüksəltdi. Bu gün Ermənistanda hərbiçilərlə bağlı müxtəlif məhkəmə istintaqları aparılır. Bu proseslərdən mediaya sızan məlumatlar göstərir ki, İkinci Qarabağ savaşında erməni ordusu həm mənəvi-psixoloji, həm də əmr-komanda və koordinasiya böhranı yaşayıb. Strateji planlarının və rus texnikalarının işə yaramadığı savaşda ən “elit” erməni bölmələri belə cəbhənin heç bir istiqamətində Azərbaycan ordusuna ciddi müqavimət göstərə bilməyib. Müharibədən sonra erməni toplumu öz ordusuna demək olar ki, etibar etmir.

Bu etimadsızlığın çoxsaylı səbəbləri arasında bir mühüm amil də var və hazırda mən diqqəti məhz ona çəkmək istəyirəm.

Nikol Paşinyanın bəhs etdiyi “Ermənistan ordusunun piramidasındakı qarabağlılar” Rusiyanın tipik hərbi kolonudur.

Ermənistan ordusunda “Qarabağ klanı”nın yüksəlişi, heç şübhəsiz, Azərbaycanla savaşa bağlıdır. 1991-1994-cü illərdə Qarabağda gedən döyüşlərə iştirak edən yerli gənclər məqsədli şəkildə peşəkar hərbi sahəyə- Rusiyada təhsilə yönləndirilirdi. Bu, bir tərəfdən işğalçı Ermənistan ordusunun Qarabağ motivasiyasını təmin etmək məqsədi daşıyırdısa, digər tərəfdən də heç bir sosial-iqtisadi perspektivi olmayan “Artsax”da azsaylı karyera qurmaq imkanlarından biri idi. Lakin əsas səbəb Rusiyanın Ermənistandakı hərbi qüvvələrinə paralel olaraq bir də Qarabağda “erməni hərbi hissələr”qurmaq istəyi idi.

İki bioqrafiyaya baxaq.

Qondrama “DQR”-in sabiq “müdafiə nazir”lərindən Leva Mnasakanyan 1965-ci ildə Xankəndində anadan olub. 1992-94-cü illərdə Qarabağda döyüşlərdə iştirak edib. 1989-cu ildə İrəvanda Politexnik İnstitutunu bitirən və hazırda Bakıda mühakimə olunan Leva 2005-ci ildə Rusiyada Hərbi Akademiyadan məzun olub.

Hazırda Ermənistanın Müdafiə naziri mülki şəxsdir- Suren Papikyan. Odur ki, rütbəsinə layiq olduğu şübhə doğuran general-leytenant Edvard Asryan Ermənistan ordusunun əsas hərbi komandanı sayılır. O, 1994-99 illərdə Xankəndidə təhsil (bir çox erməni media resurslarının bildirdiyinə görə qiyabi formada) alıb. Lakin 2004-cü ildə Rusiyada hərbi akademiyaya daxil olub. Edvardın bioqrafiyasında iki mühüm detal var. Birincisi, o, Nikol Paşinyanı İkinci Qarabağ savaşından sonra istefaya çağıran komandirlərdəndir. İkincisi, həyat yoldaşı rusdur və yəqin ki, heç də “domoxozyayka” deyil.

Mnasakanyan və Asryanın bioqrafiyaları göstərir ki, dərin olmayan intellektə, alayarımçıq hərbi təhsilə rəğmən Ermənistan ordusunda Qarabağ mənşəli şəxslər vasitəsi ilə, əslində, “rus piramidası” qurulub.

Ermənistan ordusunda “rus piramidası”nın qurulmasında Robert Köçəryan və Serj Sərkisyanın əvvəlcə Xankəndidə, daha sonra İrəvanda hakimiyyəti ələ keçirməsinin müstəsna rolu var. Bu, hər kəsə aydındır. Lakin daha bir neçə mühüm səbəb də var.

Əvvəla, Azərbaycanın işğal olunmuş rayonlarının qarət və talan olunması Qarabağ mənşəli erməni zabit və generallarına geniş maddi sərvət qazandırıb.

İkincisi, müharibə dövründə yaranan tanışlıqlar onların şəbəkələşməsinə rəvac verib.

Üçüncüsü, karyera yüksəlişləri qeyri-rəsmi qarşılıqlı sədaqət mexanizmləri formalaşdırıb.

Bütün bunların qarşılığında Nikol Paşinyan hakimiyyətdə olduğu 7 il ərzində Ermənistan ordusunu nə öz nəzarətinə götürə bilib, nə də Rusiyanın kontrolundan çıxara. Rusiyaya bağlı hərbi elita, əlbəttə, İrəvandan yox, Moskvadan idarə olunur. Deməli, Nikol Paşinyan heç bir halda onlara, onlar da Baş nazirə güvənmir. Ermənistanın daxili dəngələri və Nikol Paşinyanın xarici dəstəyi hakim siyasi komanda ilə Rusiyanın kontrolunda olan hərbi şəbəkəni hələ ki açıq şəkildə üz-üzə gəlməyə sövq etmir. Lakin bu, o demək deyil ki, Nikol Paşinyan iqtidarı çevriliş təhdidləri altında deyıl.

Nikol Paşinyanın lap yuxarıda təqdim olunan açıqlaması göstərir ki, o, hazırda “status kvo”nu qorumağa üstünlük verir. Ermənistan baş naziri Azərbaycanın onu sülhə məcbur etməsi fonunda iradəsi sınmış ordunun ona çox da gərək olmadığının fərqindədir. Lakin onun da fərqindədir ki, Rusiyanın dəstəyi ilə “Qarabağ klanı” revanş planlarını genişlədərsə, o zaman həlledici qapazı məhz ordudan yeyəcək. Bütün bunları nəzərə alaraq güman etmək olar ki, Paşinyana qarşı revanşist siyasi qüvvələrin təzyiqi yaxın aylarda artarsa, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi “Mülki Müqavilə”nin açıq hədəfi olacaq.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru