Azərbaycanın tarixi zəfərindən sonra ölkəmizin sosial-iqtisadi inkişaf xəritəsində yeni bir səhifə açılıb. Bu tarixi dönüş nöqtəsinin 5-ci ildönümündə "Rabitəbank" ASC Xankəndidə yeni filialını istifadəyə verərək regionun biznes ekosisteminin inkişafına daha bir mühüm töhfə verəcək.
Açılışda Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev, Müşahidə Şurasının üzvü Rəhman Əliyev, İdarə Heyətinin sədri Aydın Hüseynov, onun müavini Orhan Gültekin, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Qarabağ Universitetinin rəhbər heyəti, dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.
Aznews.az xəbər verir ki, E.Yusubov bildirib: "Hazırda bu ərazilərdə 650-yə yaxın müəssisə fəaliyyət göstərir. Yeni iş yerlərinin açılması, sahibkarlıq mühitinin formalaşması və işgüzar həyatın sürətlə canlanmasının bariz göstəricisidir. Əminliklə demək olar ki, bu dinamika yaxın vaxtlarda daha da genişlənəcək. Ümid edirik ki, işğaldan azad olunmuş digər bölgələrdə də "Rabitəbank"ın filial şəbəkəsinin genişlənməsi ilə həm xidmət infrastrukturunun güclənməsinə, həm də regionların sosial-iqtisadi inkişafına əlavə töhfə veriləcək".
Z.Nuriyev isə qeyd edib: "Bu gün Xankəndidə filial açmaq bizim üçün sadəcə yeni bank filialının istifadəyə verilməsi deyil. Bu, Qarabağın iqtisadi həyatına qayıdışın, bu torpaqlarda sabitliyin və inkişafın bərqərar olmasının rəmzidir. "Rabitəbank" olaraq, ölkəmizin işğaldan azad edilmiş ərazilərində biznesin yenidən qurulmasına, sahibkarlığın dəstəklənməsinə və əhalinin bank xidmətlərinə rahat çıxışına töhfə verməyi strateji vətəndaşlıq borcumuz hesab edirik".
A.Hüseynov isə bildirib: "Xankəndi" filialımız Qarabağın iqtisadi dirçəlişində iştirak etmək istəyimizin ən real ifadəsidir. Bu filialda biz müasir xidmət modelimizi, innovativ yanaşmamızı və rahat bankçılıq konsepsiyamızı tətbiq edirik. Məqsədimiz burada yaşayan insanların və fəaliyyət göstərən sahibkarların bank xidmətlərinə rahat, çevik və etibarlı şəkildə çıxışını təmin etməkdir. Təqdim etdiyimiz rəqəmsal həllər vasitəsilə bütün Qarabağ bölgəsi xidmətlərimizdən rahat faydalana bilər. Qarabağda formalaşan yeni iqtisadi mühitə uyğun olaraq, "Rabitəbank" bölgənin maliyyə ehtiyaclarını davamlı şəkildə dəstəkləyəcək".
"Rabitəbank"ın "Xankəndi" filialının açılması, işğaldan azad olunmuş ərazilərdə dövlətin apardığı genişmiqyaslı quruculuq işləri ilə paralel olaraq, bölgədə dayanıqlı maliyyə mühitinin formalaşdırılması istiqamətində strateji addımlardan biridir. Bu filial həm sahibkarlar, həm də fərdi müştərilər üçün tam universal bank xidmətlərini bir ünvanda birləşdirən xidmət mərkəzi kimi fəaliyyət göstərəcək.
Burada kredit məhsulları, kassa-hesablaşma əməliyyatları, əmanətlər, ödəniş kartları, pul köçürmələri, nağd valyuta əməliyyatları və rəqəmsal həllər daxil olmaqla, bütün əsas bank xidmətləri müasir standartlara uyğun şəkildə təqdim olunacaq.
"Rabitəbank" sosial-iqtisadi inkişafa töhfə vermək məqsədilə ölkənin müxtəlif bölgələrində filial şəbəkəsini genişləndirir, eyni zamanda korporativ sosial məsuliyyət layihələri çərçivəsində ictimai təşəbbüslərə və yerli sahibkarlığın inkişafına mütəmadi dəstək göstərir.
"Rabitəbank" 19 region və Bakı şəhəri üzrə ümumilikdə 30 xidmət məntəqəsi, 76 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Aznews.az