ABŞ-da yaşayan Vaqif Cəfər oğlu Allahverdiyev də Baş Prokurorluğa çağırılıb.
Aznews.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İTV-də yayımlanıb.
Məlumata görə, ABŞ-da yaşayan hazırda Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyevə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Bildirilib ki, o, bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
Vaqif Alllahverdiyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Vaqif Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, ABŞ-ın Kaliforniya statında yaşadığı dövrdə ad, soyadını Viktor Aleksandr kimi dəyişib. 2017-ci ilin mart-may aylarında ayrı-ayrı 5 video müraciət hazırlayıb. O, həmin videolarda Azərbaycan vətəndaşlarına müraciət edib, ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmağa, Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi yolu ilə çıxmağı təşviq edən açıq çağırışlar edib.
Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.
Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.
Aznews.az