"ABŞ-ın Türkiyəyə tam güvənib-güvənməməsi əlbəttə müzakirə mövzusudur. Heç kim bir mənalı şəkildə deyə bilməz ki, ABŞ Türkiyəyə tam güvənmir, yaxud da heç kəs deyə bilməz ki, ABŞ Türkiyəyə tam güvənir. Ümumiyyətlə, dövlətlərin hamımızın bildiyi bir gerçəkdir: daimi dostları deyil, daimi maraqları olur. ABŞ-ın maraqları Türkiyə ilə bu bölgədə üst-üstə düşdükcə, ABŞ bizim qardaş ölkəyə güvənəcək. O maraqlar bir-birinə zidd olacağı təqdirdə güvənməyəcək. Yəni, bu həmişə belə olub”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, beynəlxalq güc balansının dəyişməsi Türkiyənin həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada rolunu gücləndirir. ABŞ-ın keçmiş rəsmisi Tomas Qremin sözlərinə görə, Vaşinqton Türkiyəni mühüm müttəfiq hesab edir, amma tam güvənmir. Bununla belə, ABŞ Türkiyənin Mərkəzi Asiyadakı rolunu da müsbət qiymətləndirir.
Siyasi şərhçi qeyd edib ki, eyni yanaşma Azərbaycana münasibətdə də tətbiq olunur.
"Xatırlayırsınızsa, Əfqanıstan hərəkatı zamanı NATO qüvvələrinin Əfqanistana yerləşdirildiyi dövrdə Azərbaycandan bir keçid məntəqəsi kimi istifadə etmək istənildi. Onda ABŞ Azərbaycanı yaxın müttəfiq kimi qəbul elədi, hətta o məlum 9.7-ci düzəlişin qüvvəsini dayandırdı və Azərbaycana yardımları artırdı. O proses başa çatdıqdan sonra yenə də Azərbaycanın üzərinə hücumlar başladı. Yəni, maraqlar həll edicidir, ona görə də heç kəs iddia etməsin və bir mənalı deməsin ki, ABŞ Türkiyəyə sona dək güvəndir. Bir daha deyirəm, sona dək güvənib-güvənməmək məsələsi mübahisəli müzakirə mövzusudur. Müzakirəyə açıq məsələdir. İstər-istəməz ABŞ-ın buradakı maraqlarına Türkiyə cavab verəcəksə, əlbəttə, qarşılıqlı anlaşma şəraitində bir-birilərinə güvənəcəklər. Cavab verməyəcəksə, güvənməyəcəklər. Eləcə də, Türkiyənin özü qlobal səviyyədə ABŞ-a güvənib-güvənməməyi özü müəyyən edir, edəcək. Eyni zamanda Azərbaycan da hansısa qlobal gücə, xarici ölkəyə güvənib-güvənməməyi özü müəyyənləşdirir. Yəni, bu baxımdan bir mənalı fikir səsləndirmək əlbəttə ki, məncə yerinə düşmür; sadəcə bunu şərtlərə bağlamaq daha doğru olardı".
Rəfiqə Namazəliyeva,
AzNews.az