“Netanyahunun açıqlaması geri çəkilmə yox, taktiki adaptasiyadır” - Həşim Səhrablı

14 Noyabr 2025 21:41 (UTC+04:00)

“Netanyahunun bu açıqlamasını əslində iki aspektdən dəyərləndirmək mümkündür. Birinci ehtimala görə, Netanyahu səmimidir. Yəni İsrail elə bir güc mərhələsinə çatıb ki, regionu istədiyi kimi formalaşdırmaq, münaqişələrdə özünə lazım olan hədəfləri müəyyənləşdirmək və ya qarşısını almaq imkanına sahibdir. İkinci ehtimal isə budur ki, Netanyahu 12 günlük müharibə zamanı İranın xüsusilə orta və uzunmənzilli raketlərlə verdiyi güclü cavabı gözləmirdi. İsrail dövləti ümumilikdə bu reaksiyanı nəzərə almamışdı və müəyyən mənada geri çəkilməyə məcbur qaldı. İndi isə həmin geri addıma siyasi çalar, izah qazandırmağa çalışırlar. Əgər birinci ehtimal doğrudursa, deməli İsrail növbəti mərhələlərdə İranda dəyişiklik baş verəcəksə, bunu özünün birbaşa müdaxiləsi ilə deyil, zamanın axarına buraxaraq, daha çox daxili agentlər və təsir qrupları vasitəsilə ictimai narazılığı artırmaq yolu ilə reallaşdırmağa üstünlük verəcək. Əgər ikinci ehtimal doğrudursa, o halda İsrail sadəcə siyasi blöf edir. Yəni İran hakimiyyətini qorxutmağa, “bizim daxildə qarışıqlıq yaratmaq imkanlarımız var” mesajını verməyə çalışır və bu blöflə Tehrandan müəyyən güzəştlər almağı hədəfləyir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, "12 günlük müharibədə İrandakı mövcud rejimin devrilməsi İsrailin hədəfi olmayıb, amma belə bir nəticə mümkün ola bilərdi,” – deyə İsrail Baş naziri Binyamin Netanyahu bildirib. O vurğulayıb ki, rejimin taleyi yalnız İran xalqının öz qərarından asılıdır: "İran xalqı baş verənləri izləyir. Əgər inqilab baş verəcəksə, bu, ölkənin daxilindən gəlməlidir. Mən istəyirəm ki, xalq öz taleyini özü müəyyən etsin. Onlar buna layiqdirlər – böyük və qədim bir xalqdır. Təxminən 2500 il əvvəl də bizimlə İran xalqı arasında çox yaxşı münasibətlər olub.”

Siyasi şərhçi qeyd edib ki, İsrail tərəfi 12 günlük müharibədə gözlədiyindən daha güclü İranla qarşılaşıb və hədəflərinə tam çatmadan əməliyyatı dayandırmağa məcbur olub.

"İranın nüvə obyektləri vurulsa da, bunu faktiki olaraq ABŞ həyata keçirdi. Üstəlik, müxtəlif səviyyəli açıqlamalarda İranın uran ehtiyatlarının məhv edilmədiyi, sadəcə gizlədildiyi və başqa məntəqələrə daşındığı iddia olunur. Bu da onu göstərir ki, İsrail öz strateji məqsədlərinə çatmadan dayandığını anlayıb. İranın orta və uzaqmənzilli raket proqramının gözləniləndən daha sürətlə inkişaf etməsi İsrail üçün müharibəni davam etdirməyi çətinləşdirdi. Bəs Netanyahunun açıqlaması İsrailin İran siyasətində strateji məqsədlərin dəyişdiyini göstərirmi, yoxsa bu diplomatik yumşalma cəhdidir? Məncə, bu açıqlama İsrailin strateji məqsədlərinin dəyişdiyini göstərmir – məqsədlər olduğu kimi qalır. Sadəcə, İsrail artıq fərqli taktiki yol seçməyə çalışır. 12 günlük müharibədən sonra onlar anlayıblar ki, hərbi yolla İranda istədikləri dəyişikliyi yaratmaq həm böyük enerji, həm də ciddi hərbi-iqtisadi resurs tələb edəcək. Bu isə gələcək regional rəqabət kontekstində İsrail üçün sərfəli deyil. Buna görə də indi İsrail daha çox siyasi vasitələrə üstünlük verərək, İranı daxildən zəiflətmə strategiyasına yönəlir. Burada əsas hədəf İran xalqıdır. Lakin nəzərə almaq lazımdır ki, İranda dini kimlik, anti-xarici təsir refleksi və xüsusilə “xarici düşmənə qarşı birləşmə” meyili güclüdür. İsrail də bunun fərqindədir. Ona görə də “biz geri çəkilirik, hər şeyi xalq özü həll etsin” mesajı verməklə, İranın xarici düşmən faktoru zəiflədilir və xalqın rejim ətrafında birləşməsinin qarşısı alınmağa çalışılır. Əksinə, daxili sosial-siyasi tələblərin artması və fikir ayrılıqlarının yenidən güclənməsi hədəflənir. Gələcək proseslərin necə inkişaf edəcəyi isə İran və İsrailin növbəti siyasi addımlarından asılı olacaq. Əgər metod həqiqətən dəyişibsə və mübarizə hərbi müstəvidən yox, daxili auditoriyaya fokuslanırsa, o zaman bu mübarizədə kimin daha təsirli addım atacağı prosesin qalibini müəyyən edəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az