Elm və Təhsil naziri Emin Əmrullayev parlament komitələrinin birgə iclasında müəllimlərin tam iş gününə keçirilməsi barədə planlarını bölüşüb.
O, deyib:
"Bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində (2027–2030-cu illər) əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır".
Nazirin bu çıxışından sonra sosial şəbəkələrdə qütbləşmə diqqət çəkir. Ən müxtəlif, lakin müşahidələrimə görə xeyli əsassız arqumentlərlə bu təşbbüsə kölgə salınmasına cəhdlər olunur.
Müəllimin tam iş günü anlayışını neqativ məcburiyyət kimi qəbul edənlər Azərbaycanın təhsil sistemindəki ən böyük naqisliklərdən birinin aradan qaldırılması zərurətini görməzlikdən gəlirlər.
Mənim fikrimcə, əgər ETN müəllimləri tam iş gününə keçirə biləcəksə, bu, nazir Emin Əmrullayevin Azərbaycan təhsilinə tarixi xidməti olacaq.
Bir neçə ölkənin təhsil sistemini incələdim.
Almaniyada, Estoniyada, Niderlandda və Finlandiyada müəllimin gündə cəmi 3-5 dərsi olur, amma iş günü təqribən 8 saat davam edir.
Bu vaxtın yarısı tədrisin hazırlanması, yoxlamalar, fənn komandasında iş, məktəb psixoloqu və sosial xidmətlə koordinasiya, şagirdlərə fərdi dəstək və valideynlərlə ünsiyyətə gedir. Yəni müəllimlik yalnız sinfə girib 45 dəqiqə dərs keçmək deyil, məktəb sistemini işlədən əsas mexanizmdir. Peşəkar müəllim tam iş gününün strukturlaşdırdığı bu rolda həm məsuliyyəti, həm nüfuzu, həm də gəlirini artırır.
Azərbaycan təhsilində illərlə davam edən əsas ziddiyyət odur ki, müəllimin real işi parçalanmış və qaçaraq model içində itib. Saat davası, məktəbə barmaqarası yanaşma və repetitorluğa xərclənən vaxt əsl pedaqoji fəaliyyət üçün zəmin yaratmır.
Mövcud vərdişlər qarşılığında və müəllim məsuliyyətinin itdiyi cəmiyyətdə yeni əmək funksiyası süngü ilə qarşılanır. Stəkanda yaradılan fırtına nəticəsində isə müzakirə atmosferi korlanır.
Bəziləri açıq-aşkar irəli sürülən təşəbbüsü “gün ərzində müəllimi məktəbdə saxlamaq” kimi yozur, hətta sual edirlər: "Müəllim axşamacan məktəbdə qalıb nə edəcək"?
Hətta bəziləri sovetdən qalma streotiplə elə bilir ki, kim daha çox dərs deyirsə, daha yaxşı işləyir.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müəllimin işi təkcə sinifdə deyil və sistemli baxış, analitik düşüncə tələb edən, davamlı hazırlıq tələb edən bir peşədir.
Zənnimcə, yeni modelə keçid ilk növbədə müəllimin cəmiyyətdə statusunu möhkəmləndirəcək. Belə ki, tam iş günü modeli müəllimi dövlətin əsas intellektual resursu kimi təsbit edir və bu, cəmiyyətin müəllimə münasibətini dəyişmək üçün ən real mexanizmdir.
İkincisi, tam iş günü ilə bağlı müzakirələrdə unudulan bir məqam var. Bu, proses müəllimin məsuliyyətini artırdığı qədər, hüquqlarını da genişləndirir. İş yeri təminatı, sosial paketlər, icbari hazırlıq saatlarının normativləşdirilməsi, məktəbdaxili dəstək mexanizmləri və psixoloji yükün bölüşdürülməsi yalnız bu modeldə mümkündür.
Üçüncüsü, sözügedən addım nəticəsində məktəb idarəçiliyinə baxış da dəyişəcək.
Beləliklə, bir çoxlarının düşündüyünün əksinə, tam iş günü ideyası müəllimi passiv şəkildə məktəbdə saxlamaq üçün deyil, məktəbin illərdir boş qalan pedaqoji dövriyyəsini aktivləşdirməkdir.
Gəlin etiraf edək ki, hazırda bizdə məhz bu dövriyyə yoxdur: şagirdin inkişafını izləyən mexanizm, dərsə hazırlığı sistemləşdirən mühit, müəllimlərarası koordinasiya və müştərək planlaşdırma praktik olaraq formalaşmayıb.
Əvəzində "qara təhsil bazarı" formalaşıb ki, bunun da nəticəsində Azərbaycanda təhsilin səviyyəsinin aşağı düşməsi milli təhlükəsizliyimizə təhdid yaradır.
Taleh ŞAHSUVARLI