Rəşt-Astara dəmir yolu üzrə icra müqaviləsi yaxın vaxtlarda imzalanacaq

15 Noyabr 2025 10:31 (UTC+04:00)

Rəşt-Astara dəmir yolu layihəsinin icra müqaviləsi 2 həftəyə imzalanacaq.

APA xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.

İranlı nazir Rəşt–Astara dəmir yolu layihəsində irəliləyişlər olduğunu qeyd edib.

Nazir deyib ki, torpaq sahəsinin alışı ilə paralel şəkildə layihənin maliyyə və hüquqi məsələləri də həll olunur.

Onun sözlərinə görə, 1,6 milyard avroluq layihədə İranın 15 faiz ödəniş etməsi əvvəlki şərt olsa da, bunun artıq mümkün olmadığı Rusiya tərəfindən qəbul edilib.

Nazir bildirib ki, icra müqaviləsinin detalları hazırlanır və yaxın bir ay ərzində yekunlaşacaq: “Hüquqi məsələlərlə bağlı cüzi gecikmələrə baxmayaraq, müqavilənin imzalanması üçün Rusiyaya səfər 1–2 həftə ərzində planlaşdırılır”.

O, paralel olaraq texniki işlərin başlamasının dəmir yolunun tikintisini sürətləndirəcəyini vurğulayıb.

AzNews.az