Aznews.az Psixoterapevt Dilbər Bəhmənli ilə psixosomatik ağrılar və onların aradan qaldırılması üsulları haqqında müsahibəni təqdim edir:
– Dilbər xanım, psixosomatik ağrı dedikdə nə başa düşülür?
Psixosomatik ağrılar psixoloji gərginlik, emosional sıxıntı və ya həll olunmamış daxili konfliktlərin bədən vasitəsilə ifadə olunmasıdır. Sadə dillə desək, insan emosiyalarını sözlə ifadə edə bilməyəndə bədən onun yerinə danışmağa başlayır. Məsələn, stres, qorxu və kədər uzun müddət bastırıldıqda baş, kürək, mədə və ya ürək nahiyəsində ağrılar yarana bilər. Halbuki tibbi analizlər bu ağrılar üçün aydın səbəb göstərmir.
– Bu vəziyyətin əsas səbəbləri nələrdir?
Əsas səbəb insanın emosiyalarını bastırmasıdır. Emosiyalarını ifadə etməyən insan içində topladığı enerjini bədənə yönəldir. Uşaqlıqda yaşanan travmalar, ailə münasibətlərindəki gərginlik, mükəmməllik və ya məsuliyyət yükü də psixosomatik reaksiyaların əsas mənbələrindəndir.
– Hansı emosiyalar bədənin hansı hissəsində özünü göstərir?
Bu, terapevtik müşahidələrdə tez-tez rast gəlinən bir nüansdır:
Qəzəb və nəzarət itkisi – baş, boyun və çiyinlərdə gərginlik yaradır.
Qorxu və narahatlıq – mədə və bağırsaqlarda özünü göstərir.
Həddindən artıq məsuliyyət və daxili təzyiq – bel və kürək ağrısı kimi təzahür edir.
Dərin kədər və emosional itki hissi – sinə və ürək nahiyəsində sıxılma kimi hiss olunur.
– Belə ağrılarla necə mübarizə aparmaq mümkündür?
Əvvəlcə ağrının mesajını anlamaq lazımdır. Bədən sadəcə ağrımır, o, bir mesaj göndərir: “Dayan və özünü dinlə”. Bunun üçün bir neçə effektiv üsul var:
1. Emosiyaları tanımaq və ifadə etmək: Qəzəb, qorxu, kədər və inciklik hisslərini bastırmaq əvəzinə onları dərk edib sağlam şəkildə ifadə etmək vacibdir.
2. Psixoterapiya: Bədənlə və emosiyalarla işləyən terapiya növləri olan EFT (Emosional Azadlıq texnikası), Geştalt və EMDR terapiya kimi üsullar dərin səbəbləri üzə çıxarıb aradan qaldırmaqda çox faydalıdır.
3. Nəfəs texnikaları: Dərin və ritmik nəfəs alma stres hormonlarını azaldır, sinir sistemini sakitləşdirir və bədənlə psixika arasındakı tarazlığı bərpa edir.
4. Əzələ relaksasiyası: Proqressiv əzələ boşaltma texnikaları (hər bir əzələ qrupunu sıxıb buraxmaq) gərginliyi azaldır və bədənə rahatlıq gətirir.
5. Yoqa və meditasiya: Bu üsullar həm bədən, həm də zehni balanslaşdırır. Meditasiya düşüncələri sakitləşdirir, yoqa isə həm emosional, həm də fiziki çevikliyi artırır.
6. Təbiət qoynunda gəzmək: Təbiətdə olmaq insanın sinir sistemini tənzimləyir, bədəni rahatladır, zehni yüngülləşdirir. Hər gün ən azı 20-30 dəqiqə təbiətlə təmasda olmaq çox faydalıdır.
7. İş və istirahət balansını qorumaq: Həddindən artıq işləmək və fasiləsiz məsuliyyət hissi bədəni tükəndirir. İşlə yanaşı istirahət, yuxu və şəxsi zamanın olması psixosomatik yüklənmənin qarşısını alır. Psixikanın bərpası üçün bəzən heç nə etməmək də rahatlıq verir.
8. Həyat ritmini yüngülləşdirmək: Daim “güclü olmalıyam” və ya “hər şeyi mən etməliyəm” düşüncəsi bədəni gərgin saxlayır. Bəzən sadəcə dayanmaq, nəfəs almaq və özünə icazə vermək sağalma prosesini başladır.
– Psixosomatik ağrılar yalnız psixoterapiya ilə keçirmi?
Xeyr. Ən doğru yanaşma həm tibbi, həm də psixoloji istiqamətdə işləməkdir. Tibbi yardım simptomları azalda bilər, amma səbəbi aradan qaldırmaq üçün psixoterapiya mütləqdir. Çünki ağrının kökündə çox vaxt “emosional acı” dayanır.
– Son olaraq, oxucularımıza nə tövsiyə edərdiniz?
Bədəninizə düşmən kimi deyil, dost kimi yanaşın. O, sizinlə ünsiyyət qurur, sadəcə dilini anlamaq lazımdır. Bədən susmur, biz susanda o danışmağa başlayır. Ağrını cəzalandırmaq yox, onu dinləmək sağaldır.
AzNews.az