Azərbaycanın Elm və Təhsil Naziri Emin Əmrullayevin müəllimlərin tam iş gününə keçirilməsi ilə bağlı açıqlaması təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Tənqidçilərin sayı kifayət qədərdir və narazılıqlar əsasən üç istiqamətdə cəmlənir:
Yekunda müəllimlərin ümumi fikri belədir: hazırkı maaş sistemi ilə tam iş günü onların maddi vəziyyətini yaxşılaşdırmaqdan çox pisləşdirə bilər.
Bu narazılıqların kökündə bir açıq fakt dayanır: Azərbaycanda müəllimin maaşı onu yalnız məktəbdəki işi ilə dolandırmağa imkan vermir. Dövlət İmtahan Mərkəzinin yaratdığı alternativ təhsil və qəbul sistemi ilə yanaşı, məhz bu səbəb müəllimləri paralel fəaliyyətə- repetitorluğa yönəldib.
Etiraf edək ki, “qara təhsil bazarı” on illərdir müəllimin iqtisadi vəziyyətini sabit saxlayan qeyri-rəsmi institut kimi formalaşıb. Bu gün isə müəllimlər həmin gəlir mənbəyinin itməsindən ciddi narahatdırlar.
Lakin burada iki prinsipial məqam var.
Birincisi, mövcud qara təhsil bazarı Azərbaycanın milli təhlükəsizliyini birbaşa təhdid edir. Bu model nə davam edə bilər, nə də etməlidir. Dövlətin əsas məqsədi şagird və müəllimi məktəbə qaytarmaq, təhsilin legitim mühitində real bilik dövriyyəsi yaratmaqdır. Bu, aksiomadır!
İkincisi, təklif olunan təşəbbüsə “bugünkü praktika” əsasında qiymət vermək yanlışdır. Söhbət qarşıdakı illərdə qurulacaq “gələcəyin təhsil modelindən” gedir. Bu modelə keçid o deməkdir ki, müəllimin maraqları, hüquqları, peşəkar statusu, iş mühiti və sosial müdafiəsi sistematik şəkildə yenidən qurulacaq.
Bu məqamda vaxtilə ABŞ-da afroamerikalılar arasında məşhur olan bir deyim yada düşür: “Ağlar kimi yaşayaq, amma qaralar kimi düşünək.”
Belə olmur.
“Qara təhsil bazarı” ilə heç bir ölkədə “ağ gələcək” qurula bilməz.
Tarix isbat edib ki, “ağlar kimi yaşamaq” istəyən “ağlar kimi də düşünməlidir.”
Nə demək istədiyimi bir daha vurğulayım: Azərbaycan müəllimi də, Azərbaycan şagirdi də “qara təhsil bazarı”ndan təcili şəkildə çıxarılmalı və məktəbə qaytarılmalıdır.
Müəllim cəmiyyətin əsas intellektual resursu olaraq qeyri-rəsmi mexanizmlərlə yaşaya bilməz; o, hüquq dövlətinin sütunlarından biri, vətəndaş ləyaqətinin simvolu olmalıdır.
Hazırda iki tam zidd yanaşma mövcuddur:
1. Qara və leqal təhsil sistemi arasında “status-kvo” davam etsin, repetitorluq çiçəklənsin, elm və təhsil sahəsində milli hədəflər “dolanışıq” maraqlarına qurban verilsin.
2. Dövlətin hədəfi məktəb daxilində təhsil keyfiyyətinin yüksəlməsi, repetitorluğa olan ehtiyacın aradan qalxması və müəllimin məktəbin içində tam funksional peşəyə çevrilməsidir.
Bu transformasiya müəllimi həm peşəkar olaraq gücləndirəcək, həm də onu əlavə gəlir axtarışından azad edərək tam iş günü üçün adekvat məvaciblə təmin edəcək.
Bu keçidin reallaşması üçün dövlətin üzərinə ciddi öhdəliklər düşür:
Aydındır ki, “köhnə sistem”lə yeni nəticələr əldə etmək mümkün deyil.
Repetitorluğun ağuşunda can verən təhsil modeli heç vaxt Finlandiya, Estoniya və ya Sinqapur səviyyəsinə qalxa bilməz.
Bu müzakirədə müəllimlərin emosional narahatlığı təbiidir, lakin onlardan strateji baxış tələb olunur: dəyişən sistem onları daha yüksək peşə standartlarına və daha güclü sosial mövqeyə aparır.
Bu kontekstdə “maaşlar qalxsın” tələbi əlbəttə ki, haqlıdır, lakin strateji baxış sayıla bilməz.
Biz həm qiymətlərin, həm də maaşların uzun müddət sabit olduğu iqtisadiyyat qurmağa çalışmalıyıq. Bu gün “qara təhsil bazarı”nda bir neçə milyard manatlıq qeyri-rəsmi pul dövriyyəsi var. Bu qara kapitalın leqallaşdırılması və kiçik-orta sahibkarlığa yönləndirilməsi ölkə iqtisadiyyatında ciddi ucuzlaşma yaradardı. Paralel olaraq müəllim maaşlarının ölkədə orta gəlir səviyyəsinin indikatoruna çevrilməsi rifah cəmiyyətinin qurulması üçün ən effektiv addım olardı.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru