Səlim Müslümov sakinləri qəbul etdi

11 Sentyabr 2013 10:29 (UTC+04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fondun Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan lent.az-a verilən məlumata görə, qəbul "Açıq qapı" şəraitində keçirilib. Görüşdə 25-dən artıq vətəndaşın müraciətlərinə baxılıb. Bütün müraciətlər operativ qaydada araşdırılıb, onların bir qismi yerindəcə həll edilib. Bəzi müraciətlər araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə göstərişlər verilib. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlərlə görüşə gələn vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndəriləcəyi bildirilib.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri və stajla bağlı digər məsələlərə görə müraciət ediblər.

AzNews.az