Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2025) start verilib.
Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib.
Daha sonra SAF festivalının 5 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov layihənin fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb. Bildirilib ki, "STEAM Azərbaycan" layihəsi 300 mindən çox şagird və 400-dən çox məktəbi əhatə edir. Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur. Ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir.
İqrar Nəzərov qeyd edib ki, bu festival yalnız müsabiqə deyil, həm də ölkəmizin gənclərinə qlobal bilik mübadiləsində iştirak imkanı yaradan beynəlxalq platformadır.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda STEAM təhsilinin 5 il ərzində böyük inkişaf yolu keçməsi, minlərlə şagirdin bu prosesə qoşulması və innovativ düşüncənin təhsil sistemində genişlənməsi festivalın əhəmiyyətini daha da artırır.
STEAM təhsilinin əsas komponentlərinə toxunan Emin Əmrullayev qeyd edib ki, artıq ilk illərlə müqayisədə 50 dəfədən çox tədris resursu, metodologiya və sistem modeli tətbiq olunur. Nazir 2027–2030-cu illərdə STEAM-ın Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevriləcəyini vurğulayıb.
Çıxışlardan sonra festivalın final mərhələsində yarışacaq komandaların təqdimatı və bədii hissə baş tutub.
Xatırladaq ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.
AzNews.az
Beynəlxalq STEAM Azərbaycan Festivalı–2025 19 noyabr tarixinədək davam edəcək.
Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir.
Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.