“Ukrayna müharibəsi əslində NATO–Rusiya savaşının gizli formasıdır” - Azad Məsiyev

17 Noyabr 2025 20:29 (UTC+04:00)

“Başda Amerika Birləşmiş Ştatları olmaqla NATO bloku Rusiyanı düşmən elan edir. Bu təşkilat Rusiyanı dünya siyasi xəritəsindən silmək istəyir və bu baxımdan Rusiya ətrafında qaynar ocaqlar yaradır. Vaxtilə Rusiyanın müttəfiqi olan, Rusiya ilə yaxın münasibətləri olan respublikalar, daha doğrusu Rusiya ilə sərhədi olan ölkələrdə “rəngli inqilablar” adı altında dövlət çevrilişləri edərək, həmin ölkələrdə özlərinə loyal adamları, siyasi xadimləri hakimiyyətə gətirməklə Rusiyanı sıxışdırmağa çalışırlar. Biz bunu Gürcüstanda Saakaşvili dövründə gördük. Biz bunu Ukraynada 2014-cü ildə rəngli inqilab adı altında dövlət çevrilişi ilə, faktiki olaraq Zelenskinin simasında görürük. Ermənistanda baş verən hadisələr, Belarusiyada hakimiyyəti dəyişmək cəhdləri – hətta evdar bir xanımı hakimiyyətə gətirmək istəyirdilər – və əgər həmin xanım hakimiyyətə gəlsəydi, Belarusiyada da Rusiyanın zəiflədilməsi istiqamətində addımlar atılacaqdı”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, beynəlxalq siyasət səhnəsində Rusiya–NATO münasibətləri yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Almaniyanın müdafiə nazirinin 2028-ci ildə Rusiya ilə NATO arasında müharibə riskinin yarana biləcəyi barədə açıqlaması isə ciddi rezonans doğurub. Kremlin sözçüsü Dmitri Peskov həmin iddialara cavab olaraq bildirib ki, Rusiyada NATO ilə qarşıdurma istəyən qüvvələr yoxdur və militarist ritorika əsasən Avropa paytaxtlarından səslənir. Peskovun sözlərinə görə, Rusiya yalnız zəruri hallarda və öz qanuni maraqlarını qorumaq üçün addımlar atmağa hazırdır, lakin açıq toqquşma ehtimalı real görünmür. Ümumi mənzərə göstərir ki, Moskvanın NATO ilə birbaşa qarşıdurmaya girməsi ehtimalı son dərəcə aşağıdır.

Siyasi şərhçi qeyd edib ki, ümumilikdə NATO bloku Rusiyanın sərhədlərinə doğru genişlənməyə davam edir.

"Sual yaranır: Niyə NATO bloku Rusiyanın sərhədlərinə doğru irələyir? Niyə Afrikada, Latın Amerikasında deyil, məhz Rusiyanın sərhədlərində aktivlik göstərir? Məqsəd aydındır: bu təşkilat Rusiyanı düşmən elan edib və Rusiyanı dünya siyasi xəritəsindən silmək istəyir. Ancaq unudurlar ki, Rusiya dünyada ən böyük sayda nüvə arsenallarına malik dövlətdir. Rusiya əleyhinə, Rusiyanın milli təhlükəsizliyinə xələl gətirəcək hər hansı addım olarsa, Rusiya nüvə silahından istifadə edə bilər və bundan bütün bəşəriyyət zərər görəcək. Burada Putinin bir sözünü xatırlatmaq yerinə düşər. Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bəyan etmişdi ki, “nə edim o dünyanı, əgər orada Rusiya yoxdursa”. Bu, başda ABŞ olmaqla NATO blokuna açıq mesaj idi. Rusiyanı təxribata sürükləyərək münaqişəyə cəlb etməyə çalışan Qərb bu gün Ukrayna müstəvisində məğlubiyyətə uğrayır. Açıq şəkildə Rusiya-Ukrayna münaqişəsində qalib tərəf Rusiyadır. Nə qədər Ukraynaya hərbi və maliyyə yardımı edilsə də fakt budur ki, Ukrayna müstəvisində NATO məğlubiyyətə uğrayır. Artıq Rusiya və NATO arasında de-fakto savaş gedir. Məsələ ondadır ki, əgər bu savaş de-yure başlayarsa, bəşəriyyət əzab çəkəcək. Son vaxtlar Avropanın bəzi dövlətləri avantürist çıxışları ilə Rusiyanı təxribata sürükləməyə çalışır və NATO-Rusiya arasında savaş başlatmağa can atırlar. Bu savaş başlayarsa, bəşəriyyət böyük faciə yaşayacaq və burada qalib tərəf olmayacaq. Ümumilikdə Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükəli sivilizasiyadır. Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, faktiki olaraq Ukrayna müstəvisində üçüncü dünya müharibəsinə gedən proseslər – bu müharibələr on milyonlarla insanın ölümünə səbəb olub. Bu Avropa sivilizasiyasının apardığı siyasət insanlıq və bəşəriyyət əleyhinədir. Çünki Ukrayna-Rusiya savaşı NATO-Rusiya savaşına çevrilsə, nüvə silahının işə düşməsi ehtimalı artır və bu da zəncirvari şəkildə bütün bəşəriyyətə ziyan vuracaq. Çünki nüvə silahı tətbiq olunarsa, qalib tərəf olmayacaq. Təəssüf ki, bu gün Qərbin bəzi avantürist siyasi xadimləri reallıqdan uzaq çıxışlar edərək, məsuliyyətsiz davranışlarla Rusiyanı konfliktdə saxlayırlar və münaqişə daha da dərinləşir. Artıq istər Rusiya, istər başda ABŞ olmaqla Qərb dünyası nüvə savaşından danışır, nüvə silahı sınaqları haqqında bəyanatlar verir. Hətta Rusiya yaxınlarda yeni silahlarını nümayiş etdirdi – nüvə enerjisi ilə idarə olunan raketlər və sualtı dronlar təqdim olundu. Bu nə deməkdir? Dünya daha çox silahlanmaya yönəlir və bu addımlar bəşəriyyətin faciəsinə yol aça bilər. Hesab edirəm ki, istər Rusiya, istər başda ABŞ olmaqla NATO bloku davranışlarında bəşəriyyəti nəzərə almalı və reallıqlara uyğun addım atmalıdır. Xüsusilə NATO bloku, başda ABŞ olmaqla, Rusiyanın sərhədlərinə doğru irələmək və Rusiyanı təxribata çəkməklə bu münaqişəni dərinləşdirir. Bu münaqişənin dayandırılması istiqamətində addım atmırlar. Əksinə, yeni maliyyə və silah yardımları ilə münaqişəni qızışdırırlar. Təəssüf ki, münaqişənin əsas səbəbini aradan qaldırmırlar. Münaqişənin səbəbi isə NATO-nun Rusiya sərhədlərinə doğru irələməsidir. Rusiya prezidenti və rus siyasi xadimləri açıq şəkildə bəyan ediblər ki, NATO-nun bu addımı Rusiyanın milli təhlükəsizliyinə zərbədir. Təəssüf ki, Rusiyanın çağırışlarına məhəl qoyulmadı və nəticədə Avropanın düz mərkəzində böyük faciə yaşanır. Bir tarixi misalı xatırlatmaq istəyirəm. 1960-cı illərdə SSRİ və ABŞ arasında böyük böhran yaşanmışdı. Kuba ətrafında baş verən hadisəni misal gətirmək olar. O dövrdə SSRİ uzaqmənzilli raketlərini Kubada yerləşdirmək istəyirdi və ABŞ Prezident Kennedinin dövründə Kuba blokadaya alınmışdı. SSRİ-nin mülki gəmilərinin belə Kuba sahillərinə yaxınlaşmasına icazə verilmirdi. O vaxt SSRİ və ABŞ arasında savaşın başlanması bir an məsələsi idi. SSRİ rəhbəri Xruşşov müdrik addım ataraq geri çəkildi və münaqişənin böyüməsinin qarşısını aldı. Məqsəd nə idi? SSRİ-nin strateji silahlarının Kubada yerləşdirilməsi ABŞ-ın milli təhlükəsizliyinə təhdid idi. Buna görə ABŞ sərt addım atdı".

Siyasi şərhçi əlavə edib ki, hazırda oxşar vəziyyət Rusiyanın tərəfində müşahidə olunur:

"Rusiya Prezidenti dəfələrlə bəyan edib ki, NATO-nun Rusiya sərhədlərinə doğru irələməsi Rusiyanın milli təhlükəsizliyinə zərər vurur. Rusiya bu barədə ABŞ Prezidentinə və NATO rəhbərliyinə rəsmi müraciətlər ünvanlayıb. Təəssüf ki, bu çağırışlara ciddi yanaşılmadı. Nəticədə bu savaş başladı. Bu savaşın pik nöqtəsi bəşəriyyət üçün faciəyə çevrilə bilər. Bu da nüvə silahının tətbiqi ilə bağlıdır. Ona görə də bu gün başda ABŞ olmaqla NATO rəhbərliyi Rusiyanı təhdid edən amilləri aradan qaldırmalıdır. Bu məsələdə əsas məsuliyyət NATO rəhbərliyinin üzərinə düşür. Çünki NATO bloku Rusiyanın sərhədlərinə irəliləməklə Rusiyanı birbaşa təhdid edir. Hesab edirəm ki, yaranmış bütün gərginliklərin əsas səbəbkarı başda Amerika Birləşmiş Ştatlarıdır. Bu fikri təsdiqləyən nümunə kimi ABŞ-ın keçmiş prezidenti Trampın sözlərini xatırlamaq yerinə düşər. O deyirdi ki, bu münaqişə Baydenin münaqişəsidir, Bayden bunu yaradıb. Bayden kim idi? Bayden ABŞ prezidenti idi. Tramp kimdir? Tramp da ABŞ prezidentidir. Yəni Tramp bu fikirlə Ukrayna-Rusiya münaqişəsini yaradan tərəfin ABŞ və NATO olduğunu təsdiqləmiş olur. NATO isə ABŞ-ın əlində bir alətdir. Hesab edirəm ki, bu məsələlərdə bəşəriyyət üçün təhlükə yaradacaq addımlardan uzaq durulmalıdır. NATO ilə Rusiya arasında savaş başlayarsa, qalib tərəf olmayacaq və nəticədə bəşəriyyət böyük faciələrlə üzləşəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az