“İlk növbədə qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması yalnız iki ölkə arasındakı münasibətlərin normallaşması demək deyil, həm də regionun gələcək siyasi-iqtisadi arxitekturasının yenidən formalaşması anlamına gəlir. Bu reallıqdan strateji fayda götürə biləcək dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin açıqlamaları rəsmi Tbilisinin sülh gündəliyini regional inkişaf üçün əsas şans kimi qiymətləndirdiyini göstərir. Sülhün təmin olunması Gürcüstan üçün ilk növbədə iqtisadi üstünlüklər yaradır. Kommunikasiya xətlərinin açılması və sabit mühitin formalaşması ölkənin tranzit mərkəzi rolunu gücləndirəcək, nəqliyyat-logistika marşrutlarının şaxələnməsinə, enerji və infrastruktur layihələrinin genişlənməsinə şərait yaradacaq”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Xatırladaq ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib ki, “Azərbaycan və Ermənistan xalqlarının rifahı naminə hər kəslə əməkdaşlıq edərək düzgün siyasət yürüdürük”. Spiker qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh əldə olunduqdan sonra region vahid bir məkan kimi inkişaf etməlidir: “Biz hamımız – həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan – vacib məsələlərdə bir-birimizi dəstəkləməliyik. Bu, ölkəmizin suverenliyinin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə xidmət edəcək”.
Siyasi şərhçi qeyd edib ki, bu proses həm xarici sərmayə axınının artmasına, həm də Gürcüstan iqtisadiyyatının dayanıqlığının güclənməsinə töhfə verəcək.
"Geosiyasi baxımdan isə rəsmi Tbilisi üçün yeni imkanlar yaranır. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması regional gərginliyin azalması ilə yanaşı, Gürcüstanın həm Azərbaycan, həm Ermənistan, həm də digər regional aktorlarla balanslaşdırılmış siyasət yürütməsinə şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi Cənubi Qafqazda uzunmüddətli sabitlik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modellərinin qurulması üçün tarixi fürsət yaradır. Bu prosesdə Gürcüstan həm iqtisadi yüksəliş imkanları əldə edə bilər, həm də geosiyasi mövqeyini möhkəmlədərək regional təşəbbüslərdə rolunu artıra bilər. Ona görə də sülh gündəliyinin reallaşması həm üç ölkənin, həm də bütövlükdə regionun rifahı və inteqrasiya perspektivlərini gücləndirən əsas strateji xətt kimi qiymətləndirilməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az