“Azərbaycanın logistika və enerji gücü Gürcüstan üçün strateji üstünlükdür” - Zaur İbrahimli

17 Noyabr 2025 21:37 (UTC+04:00)

“Gürcüstanın bu mövqeyi ilk növbədə Cənubi Qafqazın ortaq siyasi və iqtisadi məkan kimi formalaşması siyasətində dəstək kimi qiymətləndirə bilər. Hazırda bu təşəbbüsün aparıcısı və avangardı Azərbaycan hesab olunur. Azərbaycan–Ermənistan sülh müzakirələri Cənubi Qafqazı konflikt zonası statusundan əməkdaşlıq və inteqrasiya coğrafiyasına çevirməyə imkan verib. Bu proses faktiki olaraq regiondakı konflikt potensialını əhəmiyyətli dərəcədə azaldıb və Gürcüstan üçün Azərbaycan–Ermənistan sülh müzakirələrinin nəticəsi olaraq çox tərəfli əməkdaşlıq imkanlarını açıb. Nəzərə alsaq ki, Gürcüstanın ən böyük iqtisadi tərəfdaşı Azərbaycan hesab olunur, Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi və regional rolunun artması Tbilisinin maraqlarına birbaşa təsir göstərir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Xatırladaq ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması yalnız iki ölkənin deyil, bütün regionun inkişafı üçün əsasdır. Onun sözlərinə görə, Tbilisi bütün tərəflərlə əməkdaşlıq edərək qarşılıqlı faydaya yönəlmiş siyasət yürütməyə çalışır: “Biz Azərbaycan, Ermənistan və Gürcüstan arasında ortaq maraqlara əsaslanan dəstək mexanizmlərini gücləndirməliyik. Bu, ölkəmizin suverenliyinin möhkəmlənməsinə və vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək.”

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan həm Cənubi Qafqazı enerji daşıyıcıları ilə təmin etmək potensialına malikdir, həm də regionun Şimal–Cənub nəqliyyat dəhlizlərində strateji mövqeyini təmin edən əsas aktordur.

"Gürcüstanın da bu proseslərə aktiv dəstək verməsi ümumi regional maraqlar baxımından müsbət amildir. Eyni zamanda, Türkiyənin Cənubi Qafqazın vahid inteqrasiya məkanı kimi inkişafına və stabilliyin qorunmasına marağı da region üçün mühümdür. Türkiyənin artan rolu Gürcüstana strateji balans yaratmaq və regional stabilliyi təmin etmək imkanları verir. Bu, eyni zamanda Tbilisinin qonşu ölkələrlə münasibətlərini daha effektiv qurmasına şərait yaradır. Türkiyə Cənubi Qafqazda sabitliyin qorunmasında və regional proseslərin inkişafında mühüm tərəfdaş kimi çıxış edir. Həm Qaradəniz bölgəsində, həm də Cənubi Qafqaz kontekstində Gürcüstanla əməkdaşlıq Ankaranın bölgə strategiyasına tam uyğun gəlir. Türk–Azərbaycan ittifaqı üçün Cənubi Qafqaz ölkələri ilə sıx əməkdaşlıq həm xarici təsirləri neytrallaşdırmaq, həm də üç ölkənin maraqlarını uzlaşdırmaq imkanları yaradır. Ən vacibi, bu əməkdaşlıq münaqişə yaratmaq cəhdlərinin qarşısını almaq baxımından strateji əhəmiyyət daşıyır. Cənubi Qafqazda sabitlik və inkişaf Türkiyə üçün həyati vacib maraqlardandır, çünki Azərbaycan enerji daşıyıcıları və nəqliyyat-kommunikasiya xətləri bu coğrafiya üzərindən keçir və Türkiyənin regional mövqeyini gücləndirir. Avropa İttifaqı və ABŞ da bu prosesləri dəstəkləyir. Lakin Avropa İttifaqının yanaşması daha çox ideoloji kontekstdən formalaşır və regiondakı siyasi prosesləri bu prizma ilə qiymətləndirir. ABŞ isə pragmatik mövqedən çıxış edir, lakin bu mövqe əməkdaşlıq səylərinə qarşı deyil. Əksinə, Brüssel və Vaşinqton bu istiqamətdəki səyləri dəstəkləyir. Zamanla ABŞ-ın yanaşmasının daha pragmatik xarakter alacağı gözlənilir. Bütün bu proseslərin mərkəzində Azərbaycan, xüsusilə Prezident İlham Əliyevin uzaqgörən siyasəti və strateji addımları durur. Azərbaycanın həyata keçirdiyi nəqliyyat və enerji layihələri, investisiya təşəbbüsləri və qlobal miqyaslı layihələrin reallaşdırılması Cənubi Qafqazda inteqrasiya siyasətinin əsasını təşkil edir və əməkdaşlıq modelinin qurulmasına şərait yaradır. Bu, həm regionun stabilliyinə, həm də iqtisadi və siyasi inkişafına xidmət edən strateji baza rolunu oynayır".

Rəfiqə Namazəliyeva,

AzNews.az