“Kərki və digər anklavlar yaxın dövrdə gündəmə gələ bilər” - Kənan Novruzov

17 Noyabr 2025 21:39 (UTC+04:00)

"Alen Simonyanın açıqlamasına görə, Naxçıvanın Kərki kəndi məsələsi diqqətlə nəzərdən keçirilib və bu, əslində Azərbaycanın xeyrinə olan bir inkişaf kimi qiymətləndirilə bilər. Ermənistan tərəfi artıq etiraf edir ki, müəyyən əraziləri hələ də nəzəri baxımdan özündə saxlayır. Bununla yanaşı, bəzi Qərbi Azərbaycan bölgələrinin də bu kontekstə aid olacağı ehtimal olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə mediasında geniş rezonans doğuran yeni etirafını açıqlayıb. “ArmComedy” podkastına verdiyi müsahibədə o, Ermənistanın müxtəlif sahələrdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisini nəzarətdə saxladığını bildirib. Bu açıqlama, xüsusilə Azərbaycanın hələ də işğal altında olan anklav kəndləri kontekstində geniş müzakirələrə yol açıb.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın bu açıqlaması müsbət siqnal kimi qiymətləndirilməlidir.

"Burada məqsəd balans yaratmaq deyil; söhbət Azərbaycan tərəfindən atılan strateji addımlar nəticəsində Ermənistan ictimaiyyətinin müəyyən ərazilərin, o cümlədən Naxçıvanın Kərki kəndi və digər Qərbi Azərbaycan ərazilərinin Azərbaycana qaytarılmasına hazırlaşdırılmasından gedir. Eyni zamanda, bu proses pərdə arxasında, bağlanmış qapılar arxasında aparılan danışıqların nəticəsi ola bilər. Bu kontekstdə bir siqnal olaraq qeyd olunur ki, yaxın gələcəkdə Naxçıvanın Kərki kəndinin və Qərbi Azərbaycan ərazilərinin Azərbaycana qaytarılması məsələsi gündəmə gələ bilər. Digər ərazilərlə bağlı məsələlər də müzakirə predmeti ola bilər və yaxın günlərdə rəsmi şəxslər tərəfindən bununla bağlı bəyanatlar eşidilməsi mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az