Təbii fəlakətlərin təsiri qlobal ərzaq sisteminin dayanıqlıq ehtiyacını artırır - ŞƏRH

18 Noyabr 2025 17:00 (UTC+04:00)

1991 ilə 2023 arasında qeydə alınan təbii fəlakətlərin dünya kənd təsərrüfatına 3.26 trilyon dollar ziyan vurması, bunun ildə təxminən 99 milyard dollara bərabər olması və kənd təsərrüfatı ÜDM-nin 4 faizi həcmində itki yaratması qlobal ərzaq sisteminin davamlı təzyiq altında olduğunu aydın şəkildə göstərir. FAO-nun hesabatında həm məhsul itkilərinin miqyası, həm də bölgələr üzrə təsirin kəskin fərqlənməsi ortaya qoyulur. Bu illər ərzində 4.6 milyard ton taxıl, 2.8 milyard ton meyvə və tərəvəz, 900 milyon ton ət və südün fəlakətlər nəticəsində sıradan çıxması həm iqtisadi dəyər, həm də qida təhlükəsizliyi baxımından ciddi yük yaradıb. Adambaşına düşən enerji istehlakının gündə 320 kilokalori azalması bu yükün sosial tərəfini daha da konkretləşdirir.

Qlobal təsirin strukturuna baxıldıqda zərərin regionlar üzrə dəyişməsi iqlim və təbii şəraitin xüsusiyyətlərini, həmçinin kənd təsərrüfatı modelinin dayanıqlılıq səviyyəsini aydın göstərir. Asiyanın ümumi ziyanın 47 faizi həcmində 1.53 trilyon dollar itkiyə məruz qalması regionun həm böyük istehsal payına, həm də təkrarlanan quraqlıq, daşqın və siklon kimi hadisələrin intensivliyinə bağlıdır. Cənub və Şimali Amerikanın 713 milyard dollar, Afrikanın isə 611 milyard dollar itki ilə üzləşməsi fərqli təbii risklərin müxtəlif intensivliklə təsir etməsini göstərir. Bu bölgələrdə zərərin kənd təsərrüfatı ÜDM-nə nisbətinin daha yüksək paya çatması sektorun struktur və texnoloji dayanıqlığının hələ tam formalaşmaması ilə izah olunur.

Təbii fəlakətlərin yaratdığı itkilər təkcə məhsul həcminin azalması anlamına gəlmir, həm də qlobal ərzaq bazarlarında qeyri stabilliyi gücləndirir. Məsələn, iri istehsalçılarda quraqlıq və ya daşqın səbəbindən baş verən enişlər dünya üzrə qiymət dalğalanmasını artırır və bu dalğalanmalar inkişaf etməkdə olan ölkələrdə qida əlçatanlığına daha kəskin təsir edir. FAO-nun təhlilləri göstərir ki, məhsul itkilərinin böyük hissəsi taxıl üzrə qeydə alınıb və bu məhsul qrupu qlobal ərzaq sisteminin əsas dayaqlarından biridir. Taxıl itkilərinin milyonlarla tonla ölçülməsi yalnız istehsalçı ölkələr üçün deyil, idxaldan asılı dövlətlər üçün də təchizat risklərini artırır.

Fəlakətlərin təsir mexanizmləri müxtəliflik göstərir. Quraqlıq həm məhsuldarlığı, həm də heyvandarlıq sektorunda yemin mövcudluğunu zəiflədir. Daşqınlar torpaq strukturunu korlayır, infrastruktur zərər görür və bərpa prosesi uzun müddət tələb edir. Zərərvericilərin genişlənməsi isə iqlim dəyişikliyi fonunda daha sürətli miqyas qazanır və bəzi regionlarda qarşısıalınmaz təsir göstərir. Son illərdə dəniz istilik dalğalarının dünya balıqçılığının 15 faizinə təsir edərək 6.6 milyard dollar ziyan vurması da qida təhlükəsizliyinin yalnız quru sahələrdəki təsirlərlə məhdudlaşmadığını təsdiqləyir.

Qlobal ərzaq sisteminin artan təbii risklər qarşısında daha davamlı struktur tələb etməsi artıq tədqiqatların və strateji sənədlərin əsas xəttinə çevrilib. Hazırkı ziyan həcmləri göstərir ki, ənənəvi təsərrüfat metodları təkbaşına zərəri azaltmağa yetmir və texnoloji transformasiya kənd təsərrüfatının gələcək modelində əsas rol oynayır. FAO-nun rəqəmsal alətlərin vacibliyini vurğulaması bu baxımdan təsadüfi deyil. Məsafədən zondlama sistemləri torpaq rütubəti, bitki sağlamlığı və hava anomaliyaları barədə real vaxt məlumatı təmin edir. Süni intellekt əsaslı analitika risklərin erkən mərhələdə qiymətləndirilməsinə imkan yaradır və istehsalçıların qərarvermə sürətini artırır. PUA-larla aparılan müşahidələr əkin sahələrinin dəqiq xəritələşdirilməsi, zərərverici yayılması kimi proseslərin effektiv idarə olunmasına şərait yaradır.

Bu texnologiyaların tətbiqi yalnız fəlakətin təsirini azaltmaqla kifayətlənmir, həm də resurs sərfiyyatını optimallaşdırır. Suvarma üçün tələb olunan suyun həcmi daha dəqiq tənzimlənir, gübrə və pestisid istifadəsində səmərəlilik yüksəlir, torpaq yüklənməsi azalır. Bu amillər fəlakətlərin iqtisadi təsirini zəiflətməklə yanaşı, ekoloji və sosial davamlılığı gücləndirir. Əsas məsələ bu innovasiyaların yalnız yüksək texnoloji potensialı olan ölkələrdə deyil, riskə daha açıq regionlarda da əlçatanlığının artırılmasıdır.

Qlobal tendensiya göstərir ki, təbii fəlakətlərin intensivliyi artmaqda davam edir və kənd təsərrüfatı sektoru bu proseslərə uyğunlaşma dövrünü yaşayır. Regionlar üzrə ziyan paylarının yüksək olması təkcə ekoloji faktorları deyil, eyni zamanda adaptasiya imkanları arasındakı fərqləri də üzə çıxarır. Bu fərqlərin azaldılması üçün rəqəmsal sistemlərin geniş tətbiqi, davamlı maliyyələşmə mexanizmləri və risk idarəetməsində institusional koordinasiya həlledici əhəmiyyət daşıyır. Bu çərçivədə beynəlxalq əməkdaşlığın genişlənməsi və yeni texnologiyaların daha çox ölkədə praktik istifadəyə keçməsi həm qlobal ərzaq sisteminin dayanıqlığını gücləndirir, həm də gələcəkdə fəlakətlərin yaratdığı iqtisadi yükün yüngülləşdirilməsinə imkan yaradır.

Nuray,

Aznews.az